Azərbaycan-Türkmənistan münsibətlərinin  yeni fazasının perspektivləri- ÖZƏL


İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana rəsmi dövlət səfərinə gəlib.Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.Türkmənistan Prezidentinin  bu səfərini və keçirdiyi  görüşləri keçən ilin iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana və həmin ilin avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin  Türkmənistana səfəri zamanı keçirilən görüşlərin bir növ məntiqi davamı kimi qiymətləndirmək olar. Həmin görüşlər siyasi dialoqun,iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdi.
         Keçən il olduğu kimi,bu dəfə də keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri çox əhatəli şəkildə müzakirə olunub.İki ölkə prezidenti Füzulidə və işğaldan azad edilmiş digər yerlərdə olublar.Görüşlər zamanı İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu və bütün istiqamətlərdə əməli addımların sürətləndirilməsinin vacibliyi bildirilib.
        Səfər çərçivəsində iki ölkə prezidentlərinin Birgə Bəyanatı;"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı";"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş";"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş";"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı",eləcə də  iki ölkə arasında kənd təsərrüfatı,maliyyə-bank,gömrük,idman,əmək və sosial müdafiə,səhiyyə, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında və sair bu kimi çox mühüm sənədlər imzalandı.
     Karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan və  Türkmənistan arasında əlaqələrin əsas spektrini təbii surətdə nəqliyyat-tranzit,logistika və enerji resurslarının daşınması sahələri təşkil edir.Mərkəzi Asiya və Qafqaz regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə  Türkmənistan və Azərbaycandan keçir.Bu fakt  Azərbaycan və Türkmənistanı "Xəzər dənizi-Qara dəniz", "Şərq-Qərb" kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirib.Bu baxımdan        Azərbaycan-Türkmənistan münasibətlərində nəqliyyat-tranzit sahəsi əməkdaşlıq strateji istiqamətlərindən biri kimi həm iki ölkə,həm regional,həm də qlobal kontekstdə mühüm əhəmiyyyət kəsb edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Türkmənistan üçün Avropaya açılan mühüm pəncərəyə çevirib.Dəmiryolu yükdaşıma müddətinin və xərclərinin xeyli azalmasına imkan verən Bakı-Tbilisi-Qars(BTQ) dəmiryolu infrastrukturu Türkmənistan mallarının Türkiyəyə və Avropaya, eləcə də malların əks istiqamətdə daşınması üçün önəmli bir vasitədir. 
        Azərbaycan və Türkmənistanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından da mühüm üstünlüklər yaradır.Bu baxımdan Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi üzrə uğurlu əməkdaşlıq və onun çoğrafiyasının genişləndirilməsi Xəzər və Qara dəniz regionlarında iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açır.Bu kontekstdə   Türkmənistanın enerji ixracının diversifikasiyası və onun  qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılması məsələsinin aktuallığı artır. 
        Azərbaycanla Türkmənistan  arasındaki digər çox mühüm və perspektivli istiqamət isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi,sahibliyi və istifadəsində müştərək fəaliyyətdir.Avropa və Asiya arasında internet-kommunikasiya əlaqələrinin optimallaşdırılmasına xidmət edən bu layihəni həyata keçirilməsi  Azərbaycanın, Avropa və Asiya arasında təkcə nəqliyyat və enerji deyil, həm də  rəqəmsal kontekstdə önəmli bir mərkəzə çevrilmə şansını artırır. 
        Bununla yanaşı iki ölkə arasında  kimya, tekstil sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.Görüşlərdə ölkələrimiz arasında təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
      İki ölkə arasında intensivləşmiş qarşılıqlı səfərlər və müzakirə olunan məslələrin yeni məzmunu və əhatə dairəsi  gösətrir ki,Azərbaycan-Türkmənistan münasibətləri yeni fazaya keçib və yüksəliş dövrünü yaşayır. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edilib və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirilib.İki ölkə, birgə səylər nəticəsində yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətini daha da əlaqələndirmək barədə razılığa gəlib.Bu sahə həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.
      Azərbaycan və  Türkmənistan  arasında yüksək səviyyəli bu səfər və keçirilən görüşlər xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi.
      Bu səfər ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.
      Azərbaycan və Türkmənistanın Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malik olması və son vaxtlar dünyada gedən proseslər, iki ölkə qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni imkanlar açıb.İki qardaş ölkənin iqtisadi əməkdaşlıq baxımından potensialınının yüksək səviyyədə hərəkətə gətirilməsi regionumuzda  geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək.Bu isə təkcə Azərbaycan və Türkmənistan yox,həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək.
       Azərbaycan-Türkmənistan əlaqələrinin genişlənməsi və dərinləşməsi  həm Türk Dövlətlərinin əməkdaşlığının genişlənməsinə müsbət təsir edir,Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiasında Azərbaycanın rolunu və əhəmiyyətini daha da artırır.

Əli Məsimli
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31