İki ölkə arasında əməkdaşlıq uzunmüddətli maraqlara xidmət edir- ÖZƏL

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı Azərbaycan və Türkmənistan arasında imzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasının genişlənməsi üçün mühüm təməl rolunu oynayır. Həmin gün ən müxtəlif sahələri əhatə edən mühüm sənədlər mübadilə olunmuşdur. Bundan əlavə, Sənaye əməkdaşlığı üzrə 2026-2028-ci illər proqramı, Xarici İşlər nazirlikləri arasında 2026-2029-cu illər üzrə əməkdaşlıq proqramı da rəsmi səviyyədə razılaşdırılmışdır. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi və sosial-humanitar müstəvidə sistemli şəkildə inkişaf etdirilməsini hədəfləyir". 

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Səfərin diqqət çəkən istiqamətlərindən biri enerji sahəsidir. Çünki Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm enerji istehsalçıları kimi regional və beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar. İmzalanmış enerji əməkdaşlığı sazişi gələcəkdə neft-qaz layihələri, enerji infrastrukturu və enerji daşıyıcılarının ixracı üzrə qarşılıqlı fəaliyyət imkanlarını genişləndirə bilər.

Türkmənistana hədiyyə edilən "Dostluq" tankerinin təqdimat mərasiminin keçirilməsi iki ölkənin enerji və nəqliyyat sahəsində tərəfdaşlığının rəmzi kimi qiymətləndirilir. Danışıqların məzmununda humanitar əməkdaşlıq məsələləri də xüsusi yer tutur. Təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində imzalanan sənədlər xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxışında Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış dostluq, qohumluq və ortaq mənəvi dəyərlərin birləşdirdiyini vurğulamış, iki ölkə arasında əməkdaşlığın uzunmüddətli maraqlara xidmət etdiyini bildirmişdir. Beləliklə, 22 iyun 2026-cı il tarixli Bakı görüşü Azərbaycan-Türkmənistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31