Mərkəzi Asiya ilə inteqrasiyasıda yeni mərhələ- ÖZƏL
12:59 Siyasət"Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə Bakıda keçirdiyi görüşdən sonra səsləndirdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də aydın şəkildə ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Azərbaycan və Türkmənistan münasibətləri artıq yalnız tarixi, etnik və mədəni yaxınlıq çərçivəsində deyil, həm də strateji maraqların uzlaşdığı yeni geosiyasi platforma üzərində inkişaf edir. "Diqqət çəkən əsas məqamlardan biri dövlətlər arasında formalaşmış yüksək siyasi etimadın konkret layihələrə çevrilməsidir. Dövlət başçılarının həm təkbətək, həm də geniş tərkibdə apardıqları danışıqlar, verilən konkret tapşırıqlar və Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müəyyən edilmiş fəaliyyət istiqamətləri onu göstərir ki, Bakı ilə Aşqabad əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmək niyyətindədir. Bu yanaşma münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji planlaşdırma əsasında inkişaf etdiyini nümayiş etdirir."
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin Qarabağın bərpasında Türkmənistanın göstərdiyi dəstəyi xüsusi vurğulaması da mühüm siyasi məna daşıyır: "Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü təkcə humanitar layihə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinə verilən qardaş dəstəyinin rəmzidir. Bu addım Türk dünyasında qarşılıqlı həmrəyliyin praktik ifadəsi kimi qiymətləndirilə bilər. Bəyanatın mühüm istiqamətlərindən biri Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasının yeni mərhələyə keçməsidir. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə adlandırmaqla ölkənin regional siyasətində yeni geosiyasi xəttin formalaşdığını göstərdi. Burada Türkmənistanın fəal dəstəyinin xüsusi qeyd olunması isə Aşqabadın Azərbaycanın regiondakı rolunun güclənməsinə verdiyi əhəmiyyətin göstəricisidir".