2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur

Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova məlumat verərkən bildirib.

O, həmçinin, ali qonağı 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları haqqında da məlumatlandırıb.

E.Hüseynov vurğulayıb ki, müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.

Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri çərçivəsində Füzuli rayonundadır. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31