Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan strateji qapısına çevrilir- ÖZƏL
10:55 Siyasət"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi dövlət səfəri iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Hər iki dövlət başçısının səsləndirdiyi fikirlər və imzaladıqları Birgə Bəyanatdan da bu, aydın görünür. Orada "ortaq tarix və dəyərlərə əsaslanan əlaqələrin bütün sahələr üzrə dərinləşdirilməsi" vurğulanır ki, imzalanan digər sənədlər də məhz bu məqsədə xidmət edir". Bunu "Olayalar"a Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Birgə Bəyanatda Xəzər dənizindəki "Dostluq" neft yatağının müştərək kəşfiyyatı və işlənilməsinin iki ölkə arasındakı rəsmi strateji hədəf kimi qeyd edilməsinin nə anlam daşıdığının isə yəqin geniş izaha ehtiyacı yoxdur. Bu səfər çərçivəsində imzalanan 12 sənəddən birinin də Enerji Əməkdaşlığı Sazişi olması göstərir ki, türkmən qazının Azərbaycan üzərindən dünya bazarına çıxarılması məsələsi diqqət mərkəzindədir və burada "Dostluq" yatağının birgə işlənməsi enerji sinergiyasına böyük təkan verəcək.
Azərbaycanla Türkmənistan arasında əlaqələrin perspektivinə nəzər salmaq üçün əslində iki böyük ipucu var. Onlardan biri Türkmənistanın Füzulidə məscid tikdirməsi, digəri isə Azərbaycanın qardaş ölkəyə bu gün bağışladığı "Dostluq" neft tankeridir. Əgər Füzulidəki məscid xalqlarımız arasındakı sarsılmaz mənəvi və dini bağların rəmzi kimi çıxış edirsə, adından göründüyü kimi bu tanker də iki ölkə arasında həm enerji sferasında, həm də yükdaşımalar zəncirində atılacaq gələcək böyük addımların real müjdəçisidir. Xatırladım ki, Trans-Xəzər marşrutu ilə Azərbaycana gətirilən və buradan da dünya bazarına çıxarılan yüklərin hardasa 40-45 faizi Türkmənistandan daşınır. Hazırda onun həcmi 4.1 - 4.5 milyon ton arasındadır, amma imzalanmış rəqəmsal gömrük sazişləri və yeni portallar vasitəsilə yaxın illərdə 10 milyon tona çatdırılması nəzərdə tutulur. İyunun 8-9-da Daşkənddə CASCA+ beynəlxalq nəqliyyat dəhlizi üzrə altıtərəfli geniş toplantıda əldə edilən razılaşma onu göstərir ki, bu, tamamilə realdır və iki qardaş ölkə - Özbəkistanla Qırğızıstan nəqliyyat müstəqilliyi baxımından Türkmənistan-Azərbaycan marşrutunu əsas yol sayırlar.
Mətbuata bəyanatında cənab İlham Əliyev də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyinə görə təşəkkürünü çatdırarkən, Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsində nəqliyyat və logistikanın rolunu elə-belə ayrıca vurğulamadı. Beləliklə, tam əminliklə demək olar ki, bu səfərin həm iki qardaş ölkə arasında əlaqələrin dərinləşməsinə, həm də regional enerji və logistika xəritəsinin yenidən formalaşmasına öz mühüm töhfəsini verəcəyi və Azərbaycanın Mərkəzi Asiyanın Qərbə açılan strateji qapısına çevrildiyi indidən bəllidir".