Bakı-Türkmənistan əlaqələrində yeni era: Berdiməhəmmədovun səfəri nələri dəyişəcək? – ÖZƏL

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında birgə layihələrin həyata keçirilməsi imkanlarının geniş şəkildə müzakirə olunacağı gözlənilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə Trans-Xəzər Orta Dəhliz layihəsi son dövrlərdə daha böyük əhəmiyyət qazanıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən şimal marşrutu üzrə yükdaşımalar əvvəlki qədər əlverişli deyil. Eyni zamanda Süveyş kanalı istiqamətində də müəyyən təhlükəsizlik problemləri və gərginliklər mövcuddur. Belə bir şəraitdə Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır. Səfər zamanı Xəzər dənizində neft-qaz sektorunda əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı gözlənilir. Xüsusilə "Dostluq" yatağının birgə istismarı, eləcə də enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın inkişafı gündəmdə ola bilər. Bundan əlavə, Türkmən qazının Avropa bazarlarına nəqli istiqamətində mümkün addımlar da müzakirə mövzularından biri ola bilər. Mədəni-humanitar sahədə əməkdaşlıq imkanları da diqqət mərkəzindədir. Son dövrlərdə Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, həmçinin Füzuli rayonunda Türkmənistan hökumətinin dəstəyi ilə məscidin inşa olunması iki ölkə arasında humanitar əlaqələrin inkişafına mühüm töhfə verən addımlar kimi qiymətləndirilir. Bu baxımdan, humanitar əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

Siyasi şərhçi qeyd edib ki, enerji sektoru isə əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xəzər hövzəsində yerləşən yataqların birgə işlənməsi, xüsusilə "Dostluq" yatağı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir. Ümumilikdə, bu səfər həm Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı, həm də regionda əməkdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi və Türkmənistanın bu təşkilatla daha sıx inteqrasiyası baxımından da səfər xüsusi önəm kəsb edir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31