Çinin məhdudiyyətləri yüksək texnologiya sektorunu hədəfə alır- ÖZƏL

"Çinin 10 ABŞ qurumunu ixrac nəzarəti siyahısına daxil etməsi və 46 Amerika şirkətinin dövlət satınalmalarından kənarlaşdırılması ilk növbədə yüksək texnologiyalar, müdafiə sənayesi və ikili təyinatlı məhsullar sahəsində fəaliyyət göstərən şirkətlərə təsir göstərəcək. Bu qərar həmin qurumların Çin mənşəli komponentlərə, materiallara və texnologiyalara çıxışını məhdudlaşdıraraq onların tədarük xərclərini artıra və alternativ təchizatçılar axtarmasına səbəb ola bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"Qlobal tədarük zəncirində müəyyən pozuntular yarana bilər, xüsusilə də yarımkeçiricilər, elektronika, sənaye avadanlıqları və strateji xammal sahələrində. Şirkətlər riskləri azaltmaq üçün istehsal və təchizat mənbələrini daha çox ölkəyə yaymağa çalışacaq, bu isə qısa müddətdə əlavə xərclər və gecikmələr yarada bilər.
ABŞ-Çin ticarət dövriyyəsinə təsir isə daha çox seçilmiş sektorlarla məhdudlaşa bilər. Çünki məhdudiyyətlər bütün Amerika şirkətlərinə deyil, konkret qurumlara yönəlib və Çində investisiyası olan ABŞ müəssisələrinə şamil edilmir. Buna görə də ümumi ikitərəfli ticarətdə kəskin azalma gözlənilməsə də, strateji və yüksək texnologiyalı sahələrdə qarşılıqlı asılılığın azalması prosesi sürətlənə bilər.
Uzunmüddətli perspektivdə bu addımlar ABŞ və Çin arasında iqtisadi parçalanma meylini gücləndirə, şirkətləri istehsal və təchizat zəncirlərini yenidən qurmağa sövq edə və qlobal ticarətdə regional bloklaşma tendensiyasını daha da artıraraq beynəlxalq biznes mühitində qeyri-müəyyənliyi yüksəldə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31