Bakı-Tehran xəttində yeni mesajlar: Zəngəzur düyünü açılır?- ÖZƏL
16:56 Siyasətİranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi bəyan edib ki, Ermənistanın cənubundan keçən yolla bağlı Bakı ilə aparılan müzakirələrdə yaxşı anlaşma əldə olunub və Azərbaycan kifayət qədər uyğun mövqe sərgiləyib. Generalın sözlərinə görə, rəsmi Bakı İrana qarşı heç bir layihədə yer almayacağını və yalnız Ermənistandan keçən yolun Naxçıvana açılmasını istədiyini bildirib. Səfəvi Ermənistanı daha radikal mövqe tutmaqda və bölgəyə ABŞ hərbçilərini gətirməkdə ittiham edərək, regional məsələlərin kənar qüvvələr olmadan, əməkdaşlıq çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Azərbaycan heç bir mövzuda mövqeyindən geri çəkilməyib. İstər Zəngəzur dəhlizi ilə bağlı, istər digər məsələlərdə Azərbaycan hər zaman qonşuların, ümumi regionun təhlükəsizliyini, iqtisadi maraqlarını nəzərə alıb. İran özü xülyalar quraşdırıb sonra da öz yalanına inanaraq bəyanatlar verirdi ki, guya Zəngəzur dəhlizi İsrailin yaxud hansısa kənar güclərin maraqları üçün nəzərdə tutulub. Ola bilsin rəsmilərimiz onlara yaxşı başa sala biliblər və Rəhim Səfəvi anlayıb ki, əslində onlar üçün heç problem nəzərdə tutulmayıb. Azərbaycan İrana heç bir problem yaratmayıb və sağlam qonşuluq əlaqələrində maraqlı olub. İran özü vaxtilə Ermənistana dəstək verib, Azərbaycana bir çox maneələr yaradıb. İndi də arxa-dayaq çıxdıqları, özlərinin qırmızı xətti adlandırdıqları Ermənistan bölgəyə ABŞ-ı dəvət edir yaxud İrana xəyanət edirsə bu, onların öz problemləridir. Azərbaycanın atdığı bütün addımlar onun qanuni, hüquqi, suveren haqqıdır. Əgər Ermənistanla razılaşma nəticəsində Zəngəzur dəhlizi açılır, buradan Naxçıvana yol keçir, bir sıra iqtisadi maraqlar təmin olunursa İran bundan narahat olmamalı, əngəl yaratmamalıdır. İranla normal qonşuluq münasibətlərinin olması vacibdir. Bunun üçün hər zaman Azərbaycan tərəfdən müvafiq addımlar atılıb, bir sıra təxribatlara da müdrik yanaşılıb. Ümidvaram ki, Məsud Pezeşkiyanın komandası dövründə İran-Azərbaycan əlaqələri daha da inkişaf edəcək, məsələlərə ədalətli yanaşılacaq və ittihamlar, bəhanələr dövrü bitəcək. Azərbaycan bütün qonşularla sülh və əminamanlıq şəraitində yaşamağın, iqtisadi, ticari, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etməsində maraqlıdır".
Zeynəb Mustafazadə