“Çinin sanksiyaları qlobal tədarük zəncirini qırmağa yönəlməyib” – ÖZƏL

Çin Ticarət Nazirliyi milli təhlükəsizliyi qorumaq məqsədilə 10 ABŞ qurumunu ixrac nəzarəti siyahısına salaraq onlara ikili təyinatlı məhsulların tədarükünü qadağan edib və davam edən əməliyyatların dərhal dayandırılmasını tələb edib. Bundan əlavə, Çin 46 Amerika şirkətindən dövlət satınalmaları vasitəsilə məhsul alınmasını qadağan edib. Bu məhdudiyyətlər Çində investisiyası olan ABŞ müəssisələrinə şamil olunmur və dərc olunduğu andan qüvvəyə minib.

Maraqlıdır, Çinin tətbiq etdiyi bu yeni qadağalar qlobal tədarük zəncirinə və ABŞ-Çin ticarət dövriyyəsinə necə təsir edəcək? 

"Çinin tətbiq etdiyi bu qadağaların dünya ticarətinə ciddi təsir göstərəcəyini düşünmürəm. İlk növbədə, bu addımlar daxili maraqların və investisiya mühitinin qorunması məqsədilə atılıb. Çində bazar münasibətlərinin tənzimlənməsi, ölkə daxilində investisiyaların yatırılması və idarə olunması istiqamətində İnvestisiyaların Mühafizəsi haqqında qanun mövcuddur. Bu qanunun tələblərinə əsasən, ikili təyinatlı məhsulların istehsalı ilə bağlı müəyyən tədbirlər daxili istehsalın maraqlarının qorunması və təmin edilməsi məqsədilə həyata keçirilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, hazırkı vəziyyətdə biz görürük ki, Çinin daxili bazarında fəaliyyət göstərən Amerika şirkətlərinə qarşı hər hansı məhdudiyyət tətbiq edilmir. Eyni zamanda, daxili bazarda və ixrac əməliyyatlarında iştirak edən ABŞ investisiyalarına da hər hansı qadağa qoyulmayıb. Bu da nəticə etibarilə dünya bazarında təsərrüfat və ticarət münasibətlərinə birbaşa təsirin olmadığını göstərir. Əlbəttə, bu addımlar ABŞ və Çin arasında siyasi münasibətlərdə müəyyən gərginlik yarada bilər. Belə bir gərginlik fonunda Amerika korporasiyalarının qiymətli kağızları dəyər itirə bilər. ABŞ şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində birjalarda, o cümlədən Dow Jones indeksində enmələr müşahidə oluna bilər ki, bu da Amerika şirkətlərinin gəlirlərinin azalmasına səbəb ola bilər. Səhm bazarında baş verən hər hansı dalğalanma müəyyən dərəcədə bütün dünya ticarətinə təsir göstərir. Lakin bu təsir daha çox maliyyə bazarları və səhm ticarəti ilə əlaqədardır. Ümumilikdə isə sözügedən qərarların dünya iqtisadiyyatında və beynəlxalq ticarət münasibətlərində ciddi narahatlıq yaradacağını düşünmürəm.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31