Sərdar Berdiməhəmmədovun Bakı səfəri: strateji tərəfdaşlığa doğru növbəti addım- ÖZƏL

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri edib və Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüş keçirib. Tərəflər danışıqların sonunda Birgə Bəyanat imzalayıb və sənədlər mübadiləsi aparılıb. Səfər çərçivəsində qonaq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanin məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad edib.

Bu səfər Azərbaycan-Türkmənistan münasibətlərində hansı yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər? İmzalanan Birgə Bəyanatın regionda enerji və nəqliyyat əməkdaşlığına real təsiri necə ola bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Türkmənistan arasında münasibətlər son dövrlərdə aktiv şəkildə inkişaf edir və qarşılıqlı səfərlər intensivləşib. Həm Türkmənistan Prezidentinin Azərbaycana səfəri, həm də Türkmənistan Xalq Məsləhətinin rəhbərinin Azərbaycana səfərləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Azərbaycan Prezidentinin Türkmənistana həyata keçirdiyi səfərlər əlaqələrin inkişafına müsbət təsir göstərən amillərdir.
Doğrudur, Türkmənistan bəzi məsələlərdə hələ də kifayət qədər ehtiyatlı və nisbətən ləng addımlar atır. Bu da əsasən onun neytral dövlət statusu ilə əlaqədardır. Nəticədə müəyyən layihələrin həyata keçirilməsində gecikmələr müşahidə olunur. Lakin ümumilikdə Azərbaycan və Türkmənistan arasında son illərdə mütəmadi dialoq davam edir, əlaqələr genişlənir. Xüsusilə Xəzər dənizi ilə bağlı logistika və nəqliyyat sahələrində əməkdaşlıq diqqət çəkir.
Xatırladaq ki, ötən ilin yayında Azərbaycan, Özbəkistan və Türkmənistan liderlərinin birgə görüşü keçirilib. Həmin görüşdə nəqliyyat-logistika istiqamətində, eləcə də enerji sektoru ilə bağlı məsələlər ətrafında ciddi müzakirələr aparılıb və mühüm razılaşmalar əldə olunub.
Bu baxımdan, sözügedən səfəri müsbət və əhəmiyyətli hadisə kimi qiymətləndirmək lazımdır. Bu səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, gələcək əməkdaşlıq imkanlarının da genişlənməsinə şərait yaradır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31