Ermənistan türk dünyasına qarşı alət kimi istifadə edilə bilər- ÖZƏL
15:34 Siyasət"İrəvanın Qərbə inteqrasiya xəttinin və irəli sürülən layihələrin gizli məqsədləri istisna edilmir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas, Vüqar Dadaşov bildirib: "Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa və Avrointeqrasiya xəttinə yönəltməyə çalışır. Ermənistanın geosiyasi vektorunun Moskvadan Brüsselə yönəlməsi onun mahiyyət etibarilə Azərbaycan və türk dünyasına qarşı alət kimi istifadəsinə davam ehtimalını qüvvədə saxlayır. Buna görə də Ermənistanın xarici siyasətindəki bu dəyişiklik strateji transformasiya deyil, himayədar dəyişikliyidir. Paşinyanın irəli sürdüyü "Real Ermənistan" layihəsi və 29 min kvadrat kilometrlik Ermənistan ərazisinin tanınması sovet dövründə Ermənistana verilmiş Azərbaycan torpaqlarının legitimləşdirilməsi cəhdidir. Keçən il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi isə özündə sərhəd xəttini, ərazi mənsubiyyətini və ərazi ölçülərini müəyyən etmir. Belə bir saziş Azərbaycanın gələcək strateji hədəflərinin həyata keçirilməsi üçün əlavə maneələr imkanı yarada bilər".