Bakı nefti olmasaydı, faşizm üzərindəki qələbə qeyri-mümkün idi- ÖZƏL
13:56 Siyasət"Təqvim məhz bu günü göstərəndə bəşəriyyət tarixinin ən qanlı, ən amansız səhifələrindən birinin açılmasından düz 85 il ötür. 1941-ci ilin bu günündə faşizm öz çirkin və dağıdıcı simasını nümayiş etdirərək milyonlarla günahsız insanın həyatını alt-üst edən böyük bir müharibəni başlatdı. Bu gün sadəcə təqvimdəki sıradan bir tarix deyil. Nifrətin, irqçiliyin və faşizm ideologiyasının dünyaya hansı faciələri gətirə biləcəyini bizə xatırladan unudulmaz bir ibrət dərsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Bu ağır tarixdə bizim də canımız, qanımız var. 600 mindən çox azərbaycanlı bu amansız bəlaya qarşı vuruşmaq üçün cəbhəyə yollandı və onların yarıdan çoxu geri qayıtmadı. Bakı nefti olmasaydı, faşizm üzərindəki o tarixi qələbəni təsəvvür etmək belə qeyri-mümkün idi. Babalarımız və nənələrimiz həm cəbhədə, həm də arxa cəbhədə misilsiz bir qəhrəmanlıq dastanı yazdılar.
Məhz buna görə də, bu gün - 22 iyunda biz sadəcə keçmişi anmırıq, həm də bu gündən gələcəyə güclü bir çağırış edirik: Bu gün dünyada hələ də gücünə güvənib haqsızlıq edənlər, işğalçılıq siyasəti yürüdənlər, ikili standartlarla ədaləti tapdalayanlar və nifrət toxumu səpənlər tarixdən dərs götürməlidir! Tarix sübut etdi ki, hegemonluq və faşizm iddiaları ilə çıxış edən hər bir diktatura, hər bir ədalətsiz güc gec-tez məhvə məhkumdur. Heç bir haqsızlıq əbədi qala bilməz və insanlıq əleyhinə törədilən hər bir cinayətin cavabı mütləq tarix və ədalət qarşısında veriləcəkdir. Faşizmin, nifrətin və müharibələrin hər növünə "Yox!" demək, dünyada ədaləti və insanlığı qorumaq hər birimizin mənəvi borcudur. İnsanlıq naminə, azadlıq naminə canından keçən bütün qəhrəmanlarımızı dərin ehtiramla anırıq. Ruhları şad olsun".