"Avropa Birliyinin Ermənistana addımları iqtisadi xilas deyil, geosiyasi şoudur" – ŞƏRH – ÖZƏL
18:27 Siyasət"Son vaxtlar Rusiya ilə Ermənistan arasındakı münasibətlər ciddi şəkildə gərginləşib və Kreml artıq Ermənistana qarşı açıq təzyiq taktikasına keçib. Halbuki uzun müddət Kreml Ermənistanın Qərbə yaxınlaşma istiqamətində atdığı addımlara mümkün qədər tolerant yanaşmağa çalışırdı. Lakin son dövrlərdə Kremldə anlamağa başlayıblar ki, bu proses artıq ciddi xarakter alıb və Ermənistan faktiki olaraq Rusiyaya arxa çevirərək Qərbə doğru istiqamətlənir. Məhz bundan sonra Kreml Ermənistana qarşı daha sərt təzyiq göstərmək məcburiyyətində qalıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Avropa Birliyinin Ermənistanın Rusiya ilə qarşıdurma nəticəsində yarana biləcək iqtisadi və ticarət itkilərini kompensasiya etmək niyyəti, təbii ki, rəsmi İrəvanın maraqlarına cavab verir. Ancaq burada mühüm bir məqam da var. Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılı vəziyyətdədir. Xüsusilə də Ermənistanın kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti Rusiya bazarlarına çıxarılır. Prezident Vladimir Putinin Nikol Paşinyanla son görüşündə açıqladığı rəqəmə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarındakı dövriyyəsi 7 milyard dollar həcmindədir. Bu isə kifayət qədər böyük göstəricidir. Kreml bununla mesaj verir ki, istənilən vaxt Ermənistanı bu 7 milyard dollarlıq ticarət dövriyyəsindən məhrum edə bilər. Belə bir addım isə Ermənistan iqtisadiyyatı üçün olduqca ciddi və sarsıdıcı zərbə ola bilər. Bu baxımdan Avropa Birliyinin təxminən 450 milyon dollarlıq kompensasiya paketi Ermənistan üçün əhəmiyyət daşısa da, real çıxış yolu kimi görünmür. Çünki 7 milyard dollarlıq mümkün itki ilə müqayisədə 450 milyon dollarlıq dəstək onun əvəzini verməyə qadir deyil. Digər tərəfdən, əgər Rusiya Ermənistan məsələsində israrlı mövqe nümayiş etdirərsə, Kremlin əlində olan digər təsir mexanizmlərini də işə sala biləcəyi istisna olunmur. Bu halda Ermənistana satılan enerji resurslarının qiymətləri dünya bazarındakı qiymətlərlə uyğunlaşdırıla bilər. Belə bir addım Ermənistan büdcəsi üzərində əlavə maliyyə yükü yaradacaq və ölkənin xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bütün bunlar onu göstərir ki, Rusiyanın əlində Ermənistana qarşı hələ də kifayət qədər ciddi təzyiq vasitələri mövcuddur. Əgər Avropa Birliyi həqiqətən də Ermənistanı Rusiyadan iqtisadi asılılıqdan çıxarmaq niyyətindədirsə, bu halda Ermənistanın xeyrinə milyardlarla avro həcmində vəsait ayırmaq məcburiyyəti yarana bilər. Lakin Avropa Birliyinin buna nə dərəcədə hazır olduğu hələ də müəmmalı olaraq qalır.
"Hazırda Avropa Birliyinin atdığı addımlar daha çox Ermənistanı iqtisadi baxımdan xilas etməkdən çox, geosiyasi xarakter daşıyır və siyasi mesaj mahiyyəti kəsb edir. Bir tərəfdən, Avropa Birliyi Ermənistan cəmiyyətinə və vətəndaşlarına onların müdafiəsində dayanmaq niyyətində olduğunu göstərməyə çalışır, Qərb yönümlü qüvvələri daha da cəsarətləndirmək istəyir. Digər tərəfdən isə bu addımlarla Rusiyaya mesaj verir ki, Cənubi Qafqazda geosiyasi rəqabəti daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Təbii ki, bütün bunlar Rusiya ilə Qərb arasındakı qarşıdurmanın məhz Ermənistan üzərindən daha da kəskinləşməsi ehtimalını artırır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova