Paşinyan revanşizmə qarşı: “Keçmişə dönüş Ermənistan üçün təhlükəlidir”- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə müxalifətin yerləşdirdiyi "Qarabağ bayraqları"nı yeni müharibə təhlükəsi kimi qiymətləndirib. O bildirib ki, Qarabağ məsələsi artıq bağlanıb və bu cür addımlar sülh prosesinə mane olmaqla yanaşı, regional sabitliyə də təhdid yaradır. Paşinyanın sözlərinə görə, Ermənistan sülh gündəliyini institusional şəkildə irəli aparmağa davam edəcək.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Paşinyanın parlamentdə səsləndirdiyi fikirlər Ermənistan daxilində siyasi və ideoloji transformasiyanın hələ də tamamlanmadığını göstərir. Baş nazirin "Qarabağ məsələsi bağlanıb" bəyanatı rəsmi İrəvanın son illərdə formalaşdırmağa çalışdığı yeni siyasi xəttin tərkib hissəsidir. Lakin Ermənistan müxalifətinin bir hissəsi və revanşist dairələr hələ də keçmiş status-kvoya qayıdış xülyasından tam əl çəkməyiblər. Parlamentdə "Qarabağ bayraqları"nın nümayiş etdirilməsi də məhz bu siyasi xəttin simvolik ifadəsidir.

Bununla belə, revanşist qüvvələrin əvvəlki illərdə olduğu kimi dövlət siyasətini müəyyənləşdirəcək gücə malik olduqlarını söyləmək çətindir. Ermənistan 44 günlük müharibədən, eləcə də 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra yeni regional reallıqlarla üz-üzə qalıb. Həm daxili iqtisadi məhdudiyyətlər, həm də beynəlxalq mühit Ermənistanın yeni hərbi avantüralara cəlb olunmasına imkan vermir. Bu səbəbdən revanşist qüvvələrin emosional və populist çıxışları siyasi gündəmdə müəyyən rezonans yaratsa da, onların praktik nəticələr əldə etmək imkanları kifayət qədər məhduddur.
Müxalifətin bu cür addımları Azərbaycanla sülh prosesinə mənfi informasiya fonu yarada bilər. Xüsusilə də radikal ritorika qarşılıqlı etimadın formalaşmasına zərbə vurur və danışıqlar prosesini mürəkkəbləşdirir. Ancaq hazırkı mərhələdə sülh prosesinin taleyi daha çox dövlətlərin rəsmi siyasi iradəsindən asılıdır. Ermənistan hökuməti sülh gündəliyini davam etdirmək niyyətində olduğunu nümayiş etdirdiyi müddətdə müxalifətin simvolik aksiyalarının prosesi tamamilə dayandırmaq potensialı məhdud görünür.
Paşinyanın "Qarabağ məsələsi bağlanıb" tezisinin Ermənistan cəmiyyətində birmənalı qəbul edildiyini də söyləmək olmaz. Cəmiyyətdə hələ də fərqli yanaşmalar mövcuddur. Bir qrup yeni reallıqların qəbul edilməsinin Ermənistanın gələcəyi üçün zəruri olduğunu düşünürsə, digər qrup bunu məğlubiyyətin legitimləşdirilməsi kimi qiymətləndirir. Məhz bu fikir ayrılığı Ermənistanın daxili siyasi həyatında revanşist ritorikanın müəyyən dərəcədə yaşamasına şərait yaradır.
Ancaq strateji baxımdan proseslərin istiqaməti göstərir ki, regionda yaranmış yeni geosiyasi reallıqların dəyişdirilməsi imkanları demək olar ki, yoxdur. Bu səbəbdən revanşist qüvvələrin səyləri daha çox daxili auditoriyaya hesablanmış siyasi kampaniya xarakteri daşıyır. Paşinyanın sərt reaksiyası da məhz Ermənistanın yenidən keçmiş münaqişə gündəminə qayıtmasının ölkə üçün yeni təhlükələr yarada biləcəyinə dair mesaj kimi qiymətləndirilə bilər. Bu mənada Ermənistan daxilində əsas mübarizə artıq Qarabağ uğrunda deyil, ölkənin gələcək siyasi kursunun hansı istiqamətdə formalaşacağı uğrunda gedir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31