Şakir Ağayev: "Ermənistan cəmiyyəti iki hissəyə bölünüb, Bakı hər bir ssenariyə hazır olmalıdır" – ÖZƏL
18:21 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan parlamentdə müxalifət deputatlarının masalara "Qarabağ bayraqları" qoymasını ölkə üçün birbaşa təhlükəsizlik təhdidi və Azərbaycanla yeni müharibə riski adlandırıb. Qarabağ məsələsinin artıq bağlandığını bəyan edən hökumət başçısı, revanşist qüvvələrin bu addımını sülh prosesini pozmağa yönəlmiş növbəti təxribat kimi qiymətləndirib.
"Ermənistanın daxili qüvvələrini Qarabağ üzərinə yönəltmək gücü o səviyyədə deyil. Ona görə də onların bu hərəkətlərinin yeni bir müharibəyə gətirib çıxaracağını düşünmürəm. Çünki Ermənistanın gücü buna imkan vermir və bunu revanşist qüvvələr də yaxşı bilirlər. Bu addımlar daha çox daxili auditoriyaya və Ermənistanda revanşistləri dəstəkləyən qüvvələrə hesablanıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, yeni yaranmış Samvel Karapetyanın partiyası təxminən 24 faiz səs toplayır. Amma revanşistlərin lideri, vaxtilə Qarabağda terror fəaliyyətləri ilə əlaqələndirilən şəxslərin tərəfdarları isə təxminən 9 faiz səs toplayırlar. Bu fakt özü çox şeyi göstərir.
"Paşinyanın səsləndirdiyi fikirlərə gəlincə, açığı, mən onun səmimiyyətinə də tam inanmıram. Paşinyanın əlində imkan var idi ki, sülh sazişi paraflandıqdan sonra, hətta paraflanmadan əvvəl belə Konstitusiyaya dəyişiklik etsin və Azərbaycanın tələblərini yerinə yetirsin. O, yeni parlament seçkilərinə qədər sülh sazişini imzalaya bilərdi. Belə olan halda, sonradan revanşist qüvvələr hakimiyyətə gəlsələr belə, həmin sazişi dəyişdirmək və ya ləğv etmək onlar üçün asan olmazdı. Təəssüf ki, Paşinyan bunu etmədi və indi bunu etməsi onun üçün daha çətin olacaq. Çünki bildiyiniz kimi, o, parlamentdə konstitusion çoxluğu əldə edə bilməyib. Baxmayaraq ki, hökumət qurmaq üçün yetərli çoxluğa sahib olub", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin fikrincə, Paşinyanın "Qarabağ məsələsi bağlanıb" bəyanatı Ermənistan cəmiyyəti tərəfindən tam qəbul olunmayıb. Əgər revanşist qüvvələrin seçkilərdə topladığı səsləri nəzərə alsaq, onların ümumi səs payı təxminən 40 faiz civarındadır. Bu isə kifayət qədər böyük göstəricidir. Deməli, Ermənistan cəmiyyətində Qarabağ məsələsinin bağlanması ilə bağlı vahid mövqe formalaşmayıb. Paşinyan, belə demək mümkünsə, hətta inzibati resurslardan istifadə etməklə 49 faiz səs toplayıbsa, müxalifətin də təxminən 40 faiz səsi var. Seçkilərdə iştirak etməyənləri də nəzərə alsaq, demək olar ki, Ermənistan cəmiyyəti iki hissəyə bölünüb: Paşinyan tərəfdarları və "Qarabağ məsələsi bağlanıb" bəyanatını qəbul etməyən qüvvələr. Təəssüf ki, vəziyyət belədir. Buna görə də Azərbaycan, vaxtilə öz ərazilərini işğal etmiş, terror aktları törətmiş və digər cinayətlərə yol vermiş bir qonşu ilə üz-üzə olduğu üçün bütün mümkün ssenarilərə hazır olmalıdır.
Şübhəsiz ki, Azərbaycan buna hazırdır. Azərbaycan həm Paşinyan hakimiyyətini, həm də revanşist qüvvələri sülhə məcbur etmək üçün kifayət qədər gücə malikdir. Necə ki, 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirləri zamanı bunu nümayiş etdirdi.
Səidə Ramazanova