Bəhruz Quliyev: Aİ Ukraynaya dəstəyi gücləndirməklə münaqişənin gedişatına təsir edir – ÖZƏL
16:46 Siyasət"Brüsseldə keçirilən Avropa Şurasının zirvə toplantısında qəbul edilən qərarlar göstərir ki, Avropa İttifaqı Ukrayna məsələsində əvvəlki mövqeyini qorumaqla yanaşı, onu daha da gücləndirmək niyyətindədir. Bu, həm hərbi, həm siyasi, həm də iqtisadi müstəvidə Ukraynaya dəstəyin davam etdirilməsi deməkdir. Avropa İttifaqının Ukraynaya hərbi və siyasi dəstəyi artırmaq qərarı, ilk növbədə, Ukraynanın müdafiə imkanlarını genişləndirəcək və Rusiyanın hərbi üstünlük əldə etmək planlarını çətinləşdirəcək. Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, silah və sursat tədarükünün artırılması döyüş meydanında Ukraynanın mövqelərini möhkəmləndirə bilər."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Aİ-nin siyasi dəstəyi Kiyevin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir və Ukraynanın Avropa strukturlarına inteqrasiyası prosesini sürətləndirir.
Lakin bu dəstəyin müharibənin tezliklə başa çatmasına gətirib çıxaracağını demək çətindir. Əksinə, tərəflərin hər biri öz mövqeyini gücləndirməyə çalışdıqca münaqişənin uzanması ehtimalı da qalır. Bununla belə, Qərb ölkələri hesab edir ki, Rusiyaya qarşı təzyiqin artırılması gələcək sülh danışıqlarında Ukraynanın daha əlverişli mövqedən çıxış etməsinə şərait yarada bilər.
"Düşünürəm ki, Rusiyaya qarşı hazırlanmaqda olan 21-ci sanksiya paketi isə Moskvanın iqtisadi və maliyyə imkanlarının daha da məhdudlaşdırılmasına hesablanıb. Son illərdə tətbiq edilən çoxsaylı sanksiyalar Rusiya iqtisadiyyatını tam çökdürməsə də, texnologiya, maliyyə, enerji və logistika sahələrində ciddi çətinliklər yaradıb. Yeni paket xüsusilə sanksiyalardan yayınma mexanizmlərinin qarşısının alınmasına və Rusiyanın gəlir mənbələrinin daraldılmasına yönələcəyi təqdirdə daha təsirli ola bilər.Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Rusiya artıq müəyyən dərəcədə sanksiya şəraitinə uyğunlaşmağa çalışır, alternativ bazarlar və yeni ticarət marşrutları formalaşdırır. Buna görə də 21-ci sanksiya paketinin dərhal və həlledici nəticə verəcəyini gözləmək düzgün olmazdı. Ancaq uzunmüddətli perspektivdə iqtisadi təzyiqin artması Rusiyanın hərbi-siyasi manevr imkanlarını məhdudlaşdıra və Kreml üçün əlavə maliyyə yükü yarada bilər.
Ümumilikdə, Brüssel sammitinin nəticələri Avropa İttifaqının Ukraynaya dəstək siyasətinin davamlı xarakter daşıdığını göstərir. Bu qərarlar yaxın dövrdə müharibənin dinamikasına təsir göstərə bilər, lakin münaqişənin taleyini yalnız hərbi amillər deyil, eyni zamanda diplomatik proseslərin inkişafı və böyük güclər arasında formalaşacaq siyasi razılaşmalar müəyyən edəcək. Hazırkı mərhələdə isə Avropa İttifaqı Rusiyaya təzyiqi artırmaq və Ukraynanın müqavimət potensialını gücləndirmək xəttini davam etdirəcəyini açıq şəkildə nümayiş etdirir."- deyə, B.Quliyev əlavə edib.
Səidə Ramazanova