Avropanın Ukrayna planı: Yardımlar Rusiyanın qarşısını ala biləcəkmi?- ÖZƏL
14:48 SiyasətBrüsseldə keçirilən Avropa Şurasının zirvə toplantısında Aİ liderləri Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqin artırılması ilə bağlı razılığa gəliblər. Yekun bəyanatda Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib.
Aİ Ukraynanın üzvlük danışıqlarının genişləndirilməsini, hərbi yardımın artırılmasını və Rusiyaya qarşı 21-ci sanksiya paketinin tezliklə qəbulunu dəstəklədiyini bildirib. Həmçinin, Ukraynanın bərpası, enerji təhlükəsizliyi və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində əlavə addımların atılacağı vurğulanıb.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
"Avropa İttifaqının qəbul etdiyi qərarın və son açıqlamanın məntiqi nəticəsini yalnız sonrakı mərhələdə görəndən sonra döyüş meydanında nəyinsə dəyişib-dəyişməyəcəyini söyləmək mümkün olacaq. Çünki bundan əvvəl də Avropa rəsmiləri və digər mərkəzlər dəfələrlə Ukraynaya lazımi dəstəyin verilməsi, hərbi-texniki imkanlarının artırılması istiqamətində kömək göstərəcəklərini bəyan ediblər. Ancaq sonrakı mərhələlərdə görmüşük ki, ya dəstək lazımi səviyyədə artırılmayıb, ya da geosiyasi vəziyyət dəyişdiyinə görə tərəflər Ukraynaya dəstək məsələsində üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirə bilməyiblər. Ona görə də Avropa İttifaqı hərbi-siyasi dəstək məsələsini yalnız bəyanat səviyyəsində saxlamamalıdır. Artıq açıq şəkildə bacardığı maksimum dəstəyi göstərməlidir ki, döyüş meydanında vəziyyət dəyişsin, status-kvo Ukraynanın xeyrinə formalaşsın və proseslər elə inkişaf etsin ki, Rusiya Ukraynadakı əməliyyatlarında uğursuzluqla üzləşsin. Burada bir məsələ də var. Əgər Ukraynaya dəstək məsələsində Avropa İttifaqı dediyi kimi hərbi-siyasi yardım göstərəcəksə, biz bunun miqyasını iki istiqamətdə qiymətləndirməliyik: birincisi, standart yardımlar, ikincisi isə vəziyyəti dəyişmək potensialına malik ciddi yardımlar.
Birinci halda, standart yardımlar çərçivəsində döyüş meydanında ciddi dəyişikliklərin baş verəcəyini gözləmək olmaz. Ancaq yardım həlledici və maksimal səviyyədə olacaqsa, bu halda artıq ehtimal etmək olar ki, Rusiya ordusu müəyyən çətinliklərlə üzləşəcək. Ukrayna ordusunun maddi-texniki bazası yaxşılaşdıqca onun müqavimət göstərmək və əks-hücuma keçmək imkanları da artacaq. Bu isə real nəticələr doğura biləcək amilə çevriləcək.
Sanksiyalar məsələsinə gəldikdə isə, sanksiyalar faktiki olaraq tam işlək mexanizmə malik deyil. Çünki sanksiya tətbiq olunan ölkənin imkanlarına baxmaq lazımdır. Əgər İrana qarşı tətbiq edilən sanksiyalar effektiv olubsa, bu o demək deyil ki, eyni nəticə Rusiyaya qarşı da əldə olunacaq. Əslində, Rusiya indiyədək qəbul edilmiş bütün sanksiyalardan maksimum az itki ilə çıxmağı bacaran ölkələrdən biridir. Biz bunu nəyə əsasən deyirik? Rusiya həm yeraltı, həm də yerüstü sərvətlərlə zəngin ölkədir. Rusiya iqtisadiyyatı bəlkə də ABŞ iqtisadiyyatı qədər inkişaf etmiş deyil, lakin ən azı özünü təmin etməyi bacaran iqtisadiyyatdır. Xaricdən asılılığı iqtisadiyyatı çökdürəcək səviyyədə deyil. Bu halda iqtisadi kampaniyalar və sanksiyalar həmin ölkəyə müəyyən itkilər yaşada bilər. Amma onu məğlubiyyət və ya təslimiyyət həddinə gətirəcək qədər ciddi rol oynaya bilməz.
Ona görə də bundan sonrakı sanksiyalar o qədər sərt olmalıdır ki, onların Rusiya iqtisadiyyatına bütün təsirləri aydın şəkildə hiss olunsun. Lakin Avropa özü də Rusiya iqtisadiyyatını tamamilə çökdürəcək səviyyədə sanksiyalar qəbul edə bilməz. Bunun üçün, birincisi, enerji məsələsində Avropa alternativ mənbələr tapmalı və Rusiya enerjisindən tam imtina etməlidir. Əks halda, qışda soyuğa, yayda isə enerji çatışmazlığının yaratdığı çətinliklərə dözməyi göz önünə almalıdır.
Eyni zamanda Avropa iqtisadi baxımdan yaranacaq itkiləri də nəzərə almalıdır. Çünki enerjidən məhrum olmaq istehsalatda problemlərin yaranması deməkdir. Bu da sənaye müəssisələrində durğunluq və fəaliyyətin zəifləməsi ilə nəticələnə bilər.
Ona görə də Avropa və Rusiyaya qarşı sanksiya tətbiq edən digər tərəflər elə məhdudiyyətlər seçirlər ki, bu sanksiyalar öz iqtisadiyyatlarına ciddi zərbə vurmasın. Nəticədə isə həmin sanksiyalar Rusiyanın iqtisadiyyatını çökdürmək üçün əksər hallarda kifayət etmir".
Zeynəb Mustafazadə