Xaricdə təhsil alan həkimlər ölkəyə qayıdanda işsiz qalırlar - Deputat

Xaricdə təhsil almış azərbaycanlı həkimlərin diplomlarının tanınması və ixtisaslarının qəbul olunması ilə bağlı problemlər var. Xaricdə ali tibb təhsili və ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqdan sonra nostrifikasiya və peşə fəaliyyətinə başlama prosesində ciddi hüquqi və prosedur çətinliklərlə üzləşirlər". "Olaylar"  xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib: "Müraciətlərdən görürük ki, 2011-ci ildən əvvəl və sonra formalaşmış mexanizmlər arasında hüquqi və prosedur baxımından fərqlər yaranıb. 2023-cü ildən etibarən isə bu sahədə vahid və aydın tətbiq mexanizminin olmaması müşahidə edilir. Nəticədə xaricdə yüksək səviyyəli təhsil alan həkimlər ölkəyə qayıtdıqda onların ixtisaslarının tanınması prosesi ya uzanır, ya da komissiya qərarlarından asılı vəziyyətdə qalır. Bu problem təkcə ayrı-ayrı həkimlərin deyil, bütövlükdə ölkənin səhiyyə sistemi və insan kapitalı üçün strateji əhəmiyyət daşıyır.

Rusiyanın tanınmış göz mərkəzlərindən birində təhsil almış, orada işləmək imkanı əldə etmiş, lakin ailə vəziyyətinə görə Azərbaycana qayıdan iki azyaşlı uşaq anası bir il işsiz qalıb. Mən ona yalnız 'Səni anlayıram' deyə bildim. Bu, tək bir insanın taleyi deyil, sistemdəki boşluqların real insan həyatına təsiridir. Sui-istifadə hallarının qarşısının alınması vacib olsa da, bunun yolu prosesi çətinləşdirmək deyil, şəffaf və hüquqi cəhətdən sabit mexanizm yaratmaqdır.

Hər bir dövlət sui-istifadənin qarşısını almalıdır. Amma bu, sistemin qapanması ilə deyil, şəffaf, ölçülə bilən və hüquqi baxımdan sabit nostrifikasiya mexanizminin yaradılması ilə mümkün olmalıdır. Əks halda ölkə bir tərəfdən həkim çatışmazlığından danışacaq, digər tərəfdən isə xaricdə təhsil almış peşəkar mütəxəssislərin səhiyyə sisteminə inteqrasiyası çətinləşəcək. Bu, sadəcə bir neçə insanın taleyi deyil. Yüzlərlə azərbaycanlı gəncin gələcəkdə yüksək motivasiya ilə ölkəyə qayıdaraq səhiyyə sistemində çalışması üçün mühüm məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31