Media və Yayım Şurası yaradılır-Parlament təsdiq etdi
12:49 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" və "Dövlət qulluğu haqqında" qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Layihəyə əsasən, Audiovizual Şuranın adı dəyişdirilərək Media və Yayım Şurası adlandırılacaq. Yeni qurum Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.
Dəyişikliklərə görə, media savadlılığının artırılması, xarici media subyektlərinin filial və nümayəndəliklərinin fəaliyyəti, Media Reyestrinin aparılması, jurnalist vəsiqələrinin verilməsi və media subyektlərinin reyestrə daxil edilməsi ilə bağlı səlahiyyətlər Şura tərəfindən həyata keçiriləcək.
Bundan başqa, Media Reyestrinə daxil olmaq istəyən çap və onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər birbaşa Şuraya müraciət edəcəklər.
Qanun layihəsində həmçinin Şuranın fəaliyyətinin kollegial əsaslarla təşkil olunması, iki sədr müavininin seçilməsi və idarəetmə mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Media və Yayım Şurası media və yayım sahəsində normativ hüquqi aktların icrasına nəzarət edəcək, media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparacaq və informasiya mühitini monitorinq edəcək.
Dəyişikliklərə görə, Şura dezinformasiyanın yayılmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görəcək. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə operativ əlaqələndirmə mexanizmləri yaradılacaq.
Layihədə həmçinin media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, təlim və seminarların təşkili, media sahəsində innovasiyaların tətbiqinin təşviqi, eləcə də dövlət və cəmiyyət üçün əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı müddəalar da yer alıb. Mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək
Bundan əlavə, media subyektlərinin qanunvericiliyin tələblərini pozduğu hallarda Şura tərəfindən xəbərdarlıq verilməsi, məhkəməyə müraciət olunması və digər hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur.
Həmçinin, qanun layihəsi ilə Media və Yayım Şurasının hüquqları da genişləndirilir.
Belə ki, qurum xüsusi bülletenlər və digər nəşrlər buraxa, media sahəsində peşə etikası qaydalarına əməl olunması ilə bağlı araşdırmalar apararaq tövsiyələr hazırlaya, həmçinin "Reklam haqqında" qanuna uyğun olaraq sosial reklamlar sifariş edə biləcək.
Layihəyə əsasən, Şura fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin, sorğuların, hesabatların, rəy və təkliflərin hazırlanması üçün fiziki və hüquqi şəxslərə sifarişlər verəcək, beynəlxalq forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak edəcək, həmçinin belə tədbirlərin təşkilini həyata keçirəcək.
Dəyişikliklərə görə, qurum istifadəsinə verilmiş dövlət əmlakı üzərində qanunvericiliklə müəyyən edilmiş hüquqlardan yararlana, səlahiyyətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə çıxış edə, dövlət satınalmaları təşkil edə və tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ya ləğvi ilə bağlı təkliflər verə biləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.