Gömrüyün əsas missiyası büdcəyə pul toplamaq deyil- Deputat
11:45 Siyasət2025-ci ildə gömrük orqanları dövlət büdcəsinə 6 milyard 369 milyon manat vəsait ödəyib. İnkişaf etmiş ölkələrin təcrübəsində gömrük qurumlarının əsas funksiyası fiskal gəlirlərin artırılması deyil, iqtisadi təhlükəsizliyin təmin edilməsidir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov bildirib: "Azərbaycanda da iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərini nəzərə alsaq, gömrük xətti ilə fiskal ödənişlərin azalması iqtisadi baxımdan anlaşılan olmalıdır. Digər tərəfdən, dövlətin sahibkarlara təqdim etdiyi güzəştlərin genişləndirilməsi də büdcə gəlirlərinə birbaşa təsir göstərir. Qeyri-neft-qaz sektorunda mənfəət vergisi üzrə proqnozun 219 milyon manat və ya 5,3 faiz icra olunmamasına da diqqət çəkib. O vurğulayıb ki, iqtisadi islahatların dərinləşdiyi indiki mərhələdə birbaşa vergilərin büdcə gəlirlərində payının artırılması prioritet olaraq qalır".
Deputat bəzi gəlir mənbələri üzrə proqnozla faktiki icra arasında ciddi fərqlərin olduğunu da bildirib: "Torpaqların icarəyə və idarəetməyə verilməsindən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar proqnozu əhəmiyyətli dərəcədə üstələyib. Bu müsbət göstərici olsa da, büdcə proqnozları hazırlanarkən fundamental dəyişikliklər daha dəqiq nəzərə alınmalıdır. 2025-ci ildə bir sıra sahələr üzrə vəsait proqnozdan az xərclənib. Belə ki, təhsil xərcləri 5,7 faiz, elm xərcləri 13,2 faiz, səhiyyə xərcləri 4,2 faiz, kənd təsərrüfatı xərcləri isə 3,1 faiz proqnozdan aşağı icra olunub.
Maliyyə Nazirliyinin xərclərin səmərəliliyinin artırılması istiqamətində fəaliyyəti təqdirəlayiqdir. Bununla yanaşı, növbəti illər üçün büdcə proqnozları hazırlanarkən sifarişlərin və ehtiyacların daha dəqiq qiymətləndirilməsi vacibdir".