Salome Zurabişvili müxalifətin daxili çəkişmələrini kəskin tənqid etdi – ÖZƏL
10:24 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili sosial şəbəkə hesabında ölkədə və dünyada baş verən irimiqyaslı dəyişikliklər fonunda daxili siyasi çəkişmələrə vaxt itirilməsini kəskin tənqid edib. Ehtimal olunur ki, sabiq dövlət başçısı bu fikirləri ilə "Vahid Milli Hərəkat" partiyası ətrafında cərəyan edən proseslərə işarə vurub. Ölkə daxilində və xaricində daha kəskin və vacib məsələlərin dayandığını vurğulayan Zurabişvili, cəmiyyətin hansısa "dalanlarda baş verən hadisələri" müzakirə etməməli olduğunu bildirib. O, hazırda müqavimət hərəkatının güclü simalarından birinə çevrilmiş müxalif siyasətçi Elene Xoştariyanın və digər siyasi məhbusların ciddi diqqətə və həmrəyliyə ehtiyacı olduğunu vurğulayıb, həmçinin Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndə heyətinə bu şəxslərin səhhəti barədə tam məlumat verilməsinin vacibliyini qeyd edib.
Zurabişvili eyni zamanda qlobal arenadakı geosiyasi dəyişikliklərə diqqət çəkərək, Ukraynaya yeni yardımların müzakirə olunduğu Avropa İttifaqı sammitini və ABŞ ilə İran arasında imzalanacaq mühüm memorandumu xatırladıb. Onun sözlərinə görə, beynəlxalq aləmdə Putinin mövqelərinin zəifləməsi və Macarıstan faktorunun aradan qalxması fonunda Gürcüstandakı mövcud rejim ciddi qorxu hissi keçirməyə başlayıb. Avropa İttifaqı və ABŞ-nin Gürcüstanla dialoqun bərpası üçün artıq öz şərtlərini irəli sürdüyünü deyən eks-prezident, ölkənin bu qlobal prosesləri təhlil edib öz strateji gələcəyini müəyyənləşdirmək əvəzinə, kiçik partiyadaxili intriqalarla vaxt itirməsini qəbuledilməz adlandırıb.