İslam İnkişaf Bankı 5 il ərzində maliyyələşdirməni iki dəfə artırmağı planlaşdırır

İslam İnkişaf Bankı (İİB) Qrupu qarşıdakı beş il ərzində üzv ölkələrə daha böyük həcmdə kreditləşmə və maliyyələşdirmə ayırmağı hədəfləyir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən "İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş"də deyib.

Onun sözlərinə görə, 2001-ci ilə qədər təsdiqlənən maliyyələşmə həcmi təxminən 1,5 milyard dollar təşkil edirdisə, bu rəqəm 2025-ci ildə artıq 6 milyard dollara çatıb.

"Ümid edirəm ki, növbəti beş ilin sonunadək bu göstəricini daha da iki dəfə artıracağıq", - deyə o qeyd edib.

İİB sədri əlavə edib ki, qurumun fəaliyyəti digər çoxtərəfli inkişaf bankları (ÇİB-lər) ilə birgə layihələrin maliyyələşdirilməsini də gücləndirir. Hazırda Bank 10 ÇİB ilə sıx əməkdaşlıq etdiyini vurğulayan Əl-Casir, həmçinin Ərəb Koordinasiya Qrupunun bu prosesdə mühüm rol oynadığını bildirib.

"Biz bu təşkilatlarla çox geniş birgə fəaliyyətlər qurmuşuq və bu əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik", - deyə o qeyd edib.

Əl-Casir vurğulayıb ki, əsas məqsəd üzv ölkələrdə iqtisadi inkişafın dayanıqlı şəkildə formalaşmasına dəstək vermək və bankın təsir dairəsini daha da genişləndirməkdir. Onun sözlərinə görə, bu hədəflərə çatmaq üçün qurum rəhbər orqanların dəstəyi ilə fəaliyyətini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31