Türkiyə-Ermənistan normallaşmasının açarı: Sülh sazişi və Zəngəzur dəhlizi- ÖZƏL
15:59 SiyasətTürkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ermənistanla normallaşma prosesində mühüm addımlar atılıb və tərəflər birbaşa ticarət əlaqələri ilə uçuşların bərpası kimi qərarlar qəbul ediblər. O vurğulayıb ki, lazımi şərtlər formalaşacağı təqdirdə Ankara İrəvanla münasibətləri tam normallaşdırmağa hazırdır.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Normallaşma prosesində Türkiyənin mövqeyi kifayət qədər aydındır. Ankara Azərbaycan-Ermənistan sülh prosesini yaxından izləyir və bu məsələdə Bakı ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir. Ümumilikdə
münasibətlərin normallaşması tərəflərin maraqlarına cavab verir. Lakin bunun üçün müəyyən fundamental məsələlərin həll olunması vacibdir.
Türkiyə Ermənistanın bu prosesdə nə dərəcədə səmimi olduğunu və üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirəcəyini diqqətlə izləyir. Ankara sülh prosesinin ilk günlərindən etibarən açıq şəkildə bəyan edib ki, Azərbaycanın razı qalmadığı heç bir həll variantını qəbul etməyəcək.
Bununla yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da bir sıra mühüm şərtlərdən asılıdır. Bu şərtlərin başında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması dayanır.
Burada əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında və digər fundamental hüquqi sənədlərdə əks olunan ərazi iddialarının aradan qaldırılmasıdır. Xüsusilə Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarına əsas verən müddəalar tam şəkildə ləğv edilməlidir. Bu, Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir.
Digər mühüm məsələ isə Zəngəzur dəhlizinin açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin təmin edilməsidir. Bu layihə yalnız iqtisadi əhəmiyyət daşımır. Eyni zamanda, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasına, ticarətin genişlənməsinə və uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirir.
Bu səbəbdən həm Azərbaycan, həm də Türkiyə regionda davamlı sülhün təmin olunmasını, nəqliyyat əlaqələrinin açılmasını və qarşılıqlı etimada əsaslanan yeni əməkdaşlıq mühitinin formalaşmasını prioritet hesab edir".
Zeynəb Mustafazadə