Ümummilli Lider Heydər Əliyev insan hüquqlarının qorunmasına həssas yanaşırdı - ÖZƏL
15:10 Siyasət"Süni intellekt mahiyyət etibarilə əhatəli və çoxşaxəli bir xarakterə malikdir. Bunun tətbiqi demək olar ki, həyatın bütün sahələrində özünü göstərir. Süni intellektin intellektual imkanlarının inkişafı insanların yaşayış tərzini dəyişdirir, onların məşğulluğu ilə yanaşı, həm də bir çox istiqamətlərdə inqilabi dəyişikliklərə yol açır.Süni intellektin tətbiqi insan hüquqlarına da təsirsiz ötüşmür. Bu təsir həm müsbət, həm də mənfi şəkildə özünü büruzə verə bilər."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Süni intellekt insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Məsələn, insan hüquqlarının pozulması hallarının aşkarlanması, ayrı-seçkiliyin müəyyən edilməsi, cinayətlərin araşdırılması, səhiyyə və təhsil xidmətlərinin əlçatanlığının artırılması kimi sahələrdə süni intellektdən geniş istifadə olunur. Bu baxımdan süni intellekt insan hüquqlarının həyata keçirilməsini gücləndirən bir vasitə kimi də özünü göstərir. Amma süni intellektin şəxsi toxunulmazlığa, ifadə azadlığına, bərabərliyə və ayrı-seçkiliyə məruz qalmamaq kimi fundamental insan hüquqlarına zərər verdiyini də görürük. Bu, xüsusi risklər yaradır. Məsələn, burada alqoritmik qərəzlilik ola bilər, kütləvi müşahidə sistemləri, şəxsi məlumatların icazəsiz toplanması və yaxud da avtomatlaşdırılmış qərarların şəffaf olmaması insan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Ona görə də süni intellektin inkişafı və onun tətbiqi insan hüquqlarına hörmət prinsipi çərçivəsində həyata keçirilməlidir.
İnsan hüquqları süni intellekt sistemlərinin hazırlanması və istifadəsi üçün hüquqi və etik çərçivə rolunu oynayır. İnsan hüquqlarının daha effektiv qorunması və təşviq olunması vacibdir. Bu baxımdan süni intellekt bu vacibliyin həyata keçirilməsi üçün yeni imkanlar təqdim etməlidir.
Süni intellekt və insan hüquqları bu gün ayrılmaz şəkildə bir-biri ilə bağlıdır. Onların qarşılıqlı əlaqəsi müasir cəmiyyətlərdə insan ləyaqətinə, azadlıqlarına və fundamental hüquqlara həm mənfi, həm də müsbət təsir edə bilər.
Dünyada gedən proseslər, ümumiyyətlə, baş verən tendensiyalarla bağlı Azərbaycanın hər zaman təşəbbüskar ölkə kimi çıxış etdiyini görürük. Cənab Prezident İlham Əliyev qlobal çağırışlara və yeni trendlərə zamanında cavab verməyi bacarır. Bu baxımdan dövlət başçımızın "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Simpoziumunun iştirakçılarına müraciəti və həmin müraciətdə səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, burada ilkin əlamətdar hadisə ondan ibarətdir ki, sözügedən sammit 18 iyun tarixində yəni, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramını təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündə baş tutdu. Bu baxımdan həmin məsələ çox önəmlidir ki, Ümummilli Lider Heydər Əliyevin zamanından başlayaraq insan hüquqları Azərbaycan dövləti üçün ən həssas məsələlərdən biri olmuşdur. Bu istiqamətdə heç bir fərq qoyulmadan bütün insanların hüquqlarının təmin edilməsi dövlətimizin xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biridir.
Amma təbii ki, bu sahə də digər sahələr kimi yeni trendlərlə birlikdə daha da aktuallaşır. Buna görə də cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində addımlar atılır. Şəffaflığın təmin edilməsi və inklüziv inkişafın dəstəklənməsi əsas məsələlərdən biridir.
Dövlət idarəçiliyində süni intellektin tətbiqi vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq etməklə inkişaf modelinin uğurlu nümunəsini ortaya qoyur. Təbii ki, tətbiq edilən bu siyasət insan hüquqlarına verilən dəyərin göstəricisidir. Bu baxımdan da cənab Prezident İlham Əliyevin həmin Beynəlxalq Sammitdə səsləndirdiyi fikirlər Azərbaycanın innovativ idarəetmə mexanizmlərinə sahib olduğunu və bu mexanizmləri uğurla tətbiq etdiyini göstərir."
İbrahim Məmmədli