907-ci düzəlişin ləğvi və Azərbaycanın “C6” gedişi: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ – ÖZƏL
15:04 Siyasət"Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirməsi və bu görüşlərdə 907-ci düzəlişin ləğvi məsələsinin müzakirə olunması təbii ki, müsbət və təqdirəlayiq hadisədir. Lakin bu düzəlişin tam şəkildə ləğv olunmasının nə dərəcədə mümkün olduğu hələ də müəyyən suallar doğurur".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib: "Məsələ ondadır ki, 907-ci düzəlişin tam ləğvi üçün həm ABŞ Konqresində, həm də Nümayəndələr Palatasında müvafiq qərarların qəbul edilməsi lazımdır. Bu baxımdan proses hələ tam yekunlaşmış hesab edilə bilməz. Çünki ABŞ Konqresində və Nümayəndələr Palatasında erməni lobbisinin təsiri kifayət qədər güclüdür və bu təsirin qərarların qəbuluna müəyyən dərəcədə təsir göstərməsi mümkündür. Ermənipərəst mövqedən çıxış edən bəzi senatorlar və Konqres üzvləri mövcuddur ki, onlar 907-ci düzəlişin ləğvi istiqamətində atılacaq addımların qarşısını almağa çalışa bilərlər. Əlbəttə, düzəlişin ləğvi və ya növbəti dəfə dayandırılması mümkündür. Eyni zamanda hazırkı mərhələdə gələcək üçün müəyyən yol xəritəsinin formalaşdırılması da istisna edilmir. Yəni bu gün aparılan danışıqlar və müzakirələr gələcəkdə 907-ci düzəlişin tamamilə ləğv olunmasına hesablanmış siyasi və diplomatik zəmin yarada bilər".
Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanla ABŞ arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından regionda mühüm rol oynayır. Eyni zamanda Azərbaycan Yaxın Şərq, Mərkəzi Asiya və Avropa arasında strateji əlaqələndirici mövqeyə malikdir. Bu səbəbdən ölkə logistika, enerji və nəqliyyat baxımından Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu kontekstdə TRIPP layihəsi də diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp administrasiyası həmin layihənin mümkün qədər sürətlə həyata keçirilməsində və regionda yeni logistika imkanlarının formalaşmasında maraqlıdır. Bu da onu göstərir ki, Vaşinqtonla Bakı arasında həm strateji, həm iqtisadi, həm də geosiyasi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün ciddi səylər göstərilir.
Belə bir şəraitdə 907-ci düzəlişin növbəti dəfə dayandırılması və ya gələcəkdə tam ləğvi istiqamətində fəaliyyətin gücləndirilməsi ehtimalı artır. Lakin yenə də qeyd etmək lazımdır ki, bu gün üçün 907-ci düzəlişin tam şəkildə ləğv olunması tam real görünmür. Çünki bunun üçün həm Senatın, həm də Nümayəndələr Palatasının ortaq mövqeyi tələb olunur və bu məsələnin necə nəticələnəcəyi hələlik bəlli deyil.
"C6 formatı ilə bağlı məsələyə gəldikdə isə, Azərbaycanın bu formata daxil olması ölkənin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə keçməsi deməkdir. Bu format Azərbaycanın Mərkəzi Asiya ilə birlikdə vahid strateji xətt üzrə hərəkət etməsinə və regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bu, ilk növbədə Orta Dəhlizin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda Türkiyə ilə əlaqələrin daha da güclənməsi, Asiya ilə Avropa arasında nəqliyyat və logistika imkanlarının genişlənməsi üçün əlavə imkanlar yaradır. Azərbaycan bu prosesdə Asiya ilə Avropanı birləşdirən mühüm logistika mərkəzi və tranzit qovşağı kimi çıxış edir. C6 formatına qoşulmaq həm də Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş və mühüm aktor kimi qəbul edilməsinin göstəricisidir. Bu format çərçivəsində Azərbaycan iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər. Eyni zamanda Xəzər dənizi üzərindən daşımaların artırılması, Orta Dəhlizin potensialının genişləndirilməsi, yaşıl enerji layihələrinin inkişaf etdirilməsi və Türkiyə üzərindən beynəlxalq nəqliyyat marşrutlarının gücləndirilməsi baxımından da bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın regionun əsas logistika və enerji mərkəzlərindən birinə çevrilməsi istiqamətində mövqeyini daha da gücləndirir. Bu baxımdan Azərbaycanın C6 formatında təmsil olunması ölkənin həm regional nüfuzunun artmasına, həm də iqtisadi və siyasi imkanlarının genişlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər", - deyə R. Məmmədova vurğulayıb.
Səidə Ramazanova