Ukrayna artıq daha güclüdür: Trampın planı işləyəcəkmi?- ÖZƏL
14:53 Siyasət"ABŞ prezidenti Donald Trampın diqqətinin Rusiya-Ukrayna müharibəsindən müəyyən qədər yayınmasının səbəblərindən biri İran ətrafında baş vermiş hadisələrdir. Həm diplomatik, həm texniki, həm də inzibati resursların Fars körfəzində cərəyan edən proseslərə yönəldilməsi ABŞ-ın Ukrayna-Rusiya müharibəsindəki proseslərə diqqətini azaltmışdı.
İkinci məsələ isə ondan ibarətdir ki, ABŞ ilk addımlarından etibarən müharibənin qarşısını almaq üçün çox ciddi tədbirlər görmək niyyətində idi. Lakin tərəflərin mövqeləri həddindən artıq fərqli olduğuna görə ABŞ çox güman ki, müharibənin bir müddət davam etməsini və daha sonra tərəflər arasında müəyyən yumşalma yarandıqdan sonra danışıqlara qoşularaq hansısa nəticə əldə etməyin mümkün olacağını düşünürdü.
Bu baxımdan hesab edirəm ki, hazırkı vəziyyətdə Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna tərəfi müəyyən strateji üstünlüklər əldə etməyə başlayıb. Buna görə də danışıqlar prosesində hansısa nəticənin əldə olunması üçün müəyyən şanslar yaranıb".
Bu fikirləri politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlamasında söyləyib:
"Düşünürəm ki, ABŞ bu imkandan istifadə etməyə çalışacaq. Xüsusilə Donald Tramp bunu özünün diplomatik uğuru kimi təqdim etmək istəyəcək.
O ki qaldı Trampın Ukrayna və Avropa ölkələrinə təsir imkanlarının nə qədər olmasına, hesab edirəm ki, bu müharibənin dayandırılması əsasən Ukrayna və ya Avropa ölkələrinə təsirdən ibarət deyil. Birinci növbədə məsələ Rusiyadan asılıdır. Çünki işğalçı tərəf Rusiyadır və müharibənin dayandırılması da ilk növbədə onun qərarlarından asılıdır.
Rusiya işğal etdiyi ərazilərdən qoşunlarını çıxarsa, bu artıq ciddi sülh üçün zəmin yarada bilər.
Avropaya və Ukraynaya təsir məsələsinə gəlincə, nümunə kimi ABŞ-ın vaxtilə Ukraynaya təzyiq göstərmək cəhdlərini qeyd etmək olar. Biz gördük ki, həmin təşəbbüslər Ukrayna Prezidentinin ciddi reaksiyası ilə qarşılandı. Üstəlik, həmin dövrdən fərqli olaraq, Ukrayna hazırda döyüş meydanında daha güclü vəziyyətdədir.
Yəni o zaman Ukrayna bugünkündən qat-qat zəif idi. Həmin təzyiqlər nəticə vermədisə, düşünürəm ki, indi də hər hansı ciddi nəticə verməyəcək. Hətta hesab edirəm ki, ABŞ-ın Ukraynaya təzyiq göstərmək niyyəti belə olmayacaq".
Zeynəb Mustafazadə