Əli Mustafa: “Türkiyə-Ermənistan münasibətlərində ən mühüm amil Bakı-Ankara koordinasiyasıdır” – ÖZƏL

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə açıqlamasında rəsmi Ankara və İrəvan arasında normallaşma prosesinə toxunub. Nazir bildirib ki, Nikol Paşinyan hökuməti bu istiqamətdə mühüm addımlar atıb və Türkiyə tərəfi də birbaşa ticarət tərəfdaşlığı ilə uçuşların bərpası daxil olmaqla qarşılıqlı qərarlar qəbul edib. H. Fidan lazımi şərtlər yarandığı təqdirdə Türkiyənin Ermənistanla münasibətləri tam normallaşdırmağa hazır olduğunu vurğulayıb.

Maraqlıdır, Fidanın bəyan etdiyi "lazımi şərtlər" konkret hansı regional amilləri əhatə edir? Regional nəqliyyat koridorlarının açılması bu şərtlərə birbaşa daxildirmi? 

"Türkiyə ilə Ermənistan arasında münasibətlər son dövrlərdə müəyyən qədər normallaşma istiqamətində inkişaf edir. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində də əvvəlki dövrlərlə müqayisədə müəyyən istiləşmə müşahidə olunur və bu proses bir sıra siyasi, iqtisadi və ticarət sahələrini əhatə edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması həm Türkiyə, həm də Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Ermənistanın Avropa ilə əlaqələrinin genişlənməsi baxımından Türkiyə mühüm rol oynayır. Xüsusilə iqtisadi və ticarət əlaqələrinin inkişafı, logistika imkanlarının genişlənməsi Ermənistanın Rusiyadan iqtisadi asılılığının müəyyən qədər azalmasına kömək edə bilər. Bu baxımdan Ermənistan da Türkiyə ilə münasibətlərin yaxşılaşmasında maraqlıdır. Xüsusilə logistika əlaqələrinin inkişafı və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi İrəvan üçün mühüm əhəmiyyət kəsb edir. Lakin prosesin qarşısında müəyyən şərtlər və amillər də mövcuddur. Hələ də Cənubi Qafqazda Rusiyanın ciddi təsiri qalmaqdadır. Rusiya özünü regionun əsas güc mərkəzlərindən biri hesab edir və görünən odur ki, bir çox regional məsələlərin həllində Moskva ilə Ankara arasında müəyyən uzlaşmanın olması vacib şərtlərdən biridir. Ermənistan bu gün müxtəlif məsələlərdə Rusiyanın mövqeyindən uzaqlaşmağa çalışa bilər. Lakin bu, hələ o demək deyil ki, regionun digər dövlətləri Rusiyanın Cənubi Qafqazdakı maraqlarını və təsir imkanlarını tamamilə nəzərə almadan hərəkət edə bilərlər. Xüsusilə Türkiyə regionda təsir imkanlarını genişləndirməkdə maraqlıdır. Ancaq Ankara da anlayır ki, bunun üçün böyük güclərlə, o cümlədən Rusiya ilə müəyyən səviyyədə anlaşma və uzlaşma mexanizmlərinin mövcud olması vacibdir.

Ekspert əlavə edib ki, digər mühüm məsələ Azərbaycan-Ermənistan münasibətləridir. Azərbaycanla Ermənistan arasında hələ də həllini gözləyən bir sıra məsələlər mövcuddur. Bunlar arasında sülh sazişi, sərhədlərin delimitasiyası və digər siyasi məsələlər yer alır. Təbii ki, bu problemlərin həll olunması Türkiyənin də manevr imkanlarını genişləndirir və Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasını sürətləndirə bilər. Əslində Azərbaycan və Türkiyənin Cənubi Qafqaz siyasəti bir çox hallarda koordinasiyalı şəkildə həyata keçirilir. Xüsusilə Ermənistan istiqamətində atılan addımlarda tərəflər arasında məsləhətləşmələrin və koordinasiyanın mövcud olduğu hiss edilir. Bu baxımdan Azərbaycan üçün məqbul şərait formalaşdıqca Türkiyə-Ermənistan münasibətlərinin daha genişmiqyaslı və maneəsiz inkişaf etməsi mümkün görünür. Aydın məsələdir ki, Ermənistan cəmiyyətində də Türkiyəyə qarşı müəyyən tarixi yanaşmalar və iddialar qalmaqdadır. Cəmiyyət daxilində müəyyən mənfi münasibət və etimadsızlıq mövcuddur. Təbii ki, ictimai rəyin dəyişməsi, qarşılıqlı etimadın artması və anti-Türkiyə meyillərinin zəifləməsi münasibətlərin daha sağlam əsaslar üzərində inkişaf etməsinə şərait yarada bilər. Bu amil də prosesin vacib tərkib hissələrindən biridir.

"Bundan əlavə, regionda maraqları olan digər güclərin - İranın, ABŞ-nin və Avropa dövlətlərinin də Türkiyə-Ermənistan münasibətlərinə müxtəlif formalarda təsir imkanları mövcuddur. Onların hər biri regiondakı geosiyasi prosesləri öz maraqları çərçivəsində izləyir və müəyyən təsir mexanizmlərindən istifadə etməyə çalışır. Lakin fikrimcə, burada ən mühüm amil Türkiyə-Azərbaycan münasibətləridir. Məhz bu münasibətlər və tərəflər arasında mövcud olan strateji koordinasiya Türkiyənin Ermənistan siyasətinə ciddi təsir göstərir. Bu baxımdan hesab etmək olar ki, Türkiyə Azərbaycanla bağlı prioritet hesab etdiyi məsələlərdə irəliləyiş əldə olunduqdan sonra Ermənistanla münasibətlərin daha sürətli və daha dərin şəkildə normallaşmasına çalışacaq. Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi yalnız iki ölkənin iradəsindən deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin inkişafından, regiondakı böyük güclərin maraqlarından və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlardan asılı olacaq", - deyə Ə. Mustafa vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31