Bakı-Vaşinqton əməkdaşlığı genişlənir: strateji tərəfdaşlıq yeni imkanlar açır- ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Abraham Hamadeyi qəbul edib. Görüşdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik, enerji və nəqliyyat (o cümlədən TRIPP layihəsi) məsələləri müzakirə olunub. Nazir ötən ilin Vaşinqton Sammitinin və Strateji Tərəfdaşlıq Xartiyasının önəmini vurğulayıb, həmçinin ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci düzəlişin tam ləğv edilməsinin vacibliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" ABŞ və Azərbaycan əlaqələri müsbət istiqamətdə inkişaf etməkdədir. Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh ilə görüşündə də bu münasibətlərin yeni perspektivləri barədə qeyd edilib. Həmçinin 907-ci düzəlişin ləğvinin vacibliyi və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunması qarşılıqlı etimadın yüksək tempdə davam etdiyini göstərir. Tərəflər həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, C6 formatında Mərkəzi Asiya ilə əlaqələr və TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparıblar ki, bu da ölkələr arsında mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Ceyhun Bayramov ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bu düzəlişin artıq köhnəlmiş yanaşma olduğunu və geosiyasi reallıqlar, eləcə də mövcud strateji tərəfdaşlıq səviyyəsi ilə uzlaşmadığını vurğulamaqla artıq aktuallığını itirdiyini bəyan edib. Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, ənənəvi və yaşıl enerji sahəsində ABŞ ilə geniş əməkdaşlıq imkanları nəzərdən keçirilməsi, habelə Azərbaycanın C6 formatına daxil olması məsələsi yeni imkanların yaranacağını vəd edir. 907-ci düzəlişin ləğvi hazırki münasibətlər zəminində aktualdır və reallaşması qaçılmazdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31