Ukraynanın neft taktikası: Rusiyada hərbi deyil, siyasi sarsıntı hədəflənir – ÖZƏL
13:58 Siyasət"Hazırda Rusiyanın bir sıra əyalətlərində benzin satışı ilə bağlı müəyyən limitlər tətbiq olunur. Bu prosesin gələcəkdə bütün ölkəni əhatə edə biləcəyi ehtimalı da istisna edilmir. Eyni zamanda benzinin topdansatış mərkəzlərində təchizatla bağlı ciddi problemlər müşahidə olunur və qıtlığın yaranması ehtimalı getdikcə artır. Belə bir vəziyyət yarandığı təqdirdə isə qiymət artımının daha da sürətlənəcəyi gözlənilir".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Ukraynanın Rusiyaya son hücumlarından sonra bir sıra neft emalı zavodlarının müəyyən hissələri sıradan çıxıb. Xüsusilə də 95 oktanlı benzin istehsalı üçün mürəkkəb və çoxmərhələli emal proseslərinin həyata keçirilməsi tələb olunur. Mövcud vəziyyət göstərir ki, Rusiyadakı neft emalı zavodları yüksək oktanlı benzin istehsalını azaltmaq və ya ləngitmək məcburiyyətində qala bilərlər. Bu səbəbdən də onlar daha aşağı standartlar tələb edən aşağı oktanlı benzin istehsalına üstünlük verməklə bazarda yarana biləcək həm qıtlığın, həm də bahalaşmanın qarşısını almağa çalışırlar. Bununla da mümkün sosial narazılıqların və iqtisadiyyata ciddi təsir göstərə biləcək qiymət artımlarının qarşısını almaq niyyətindədirlər. Lakin nəzərə almaq lazımdır ki, mövcud texniki standartlara uyğun olaraq, hətta Rusiyanın özündə istehsal olunan avtomobillərin əhəmiyyətli hissəsi aşağı oktanlı benzinlə normal fəaliyyət göstərə bilmir. Bundan başqa, Rusiyanın yalnız aşağı oktanlı benzin istehsalını artırmaqla bazardakı qıtlığı tam şəkildə aradan qaldıra biləcəyi də inandırıcı görünmür. Çünki hətta 92 oktanlı benzinin istehsalı üçün də müəyyən texnoloji imkanlar və emal gücləri tələb olunur. Əgər Ukraynanın hücumları bu şəkildə davam edərsə, həmin məhsulun istehsalında da Rusiyanın ciddi çətinliklərlə üzləşəcəyi ehtimal olunur.
"Rusiya iqtisadiyyatını nələrin gözlədiyinə gəldikdə isə, böyük ehtimalla benzin təchizatının azalması, emal həcmlərinin aşağı düşməsi, neft emalı zavodlarının fəaliyyətinin zəifləməsi və ehtiyat anbarlarının sıradan çıxarılması ölkənin iqtisadiyyatında ciddi problemlərə səbəb ola bilər. Burada Ukraynanın əsas məqsədlərindən biri Rusiyanın daxili iqtisadi dayanıqlığını zəiflətməkdir. Daxili bazarda bahalaşmanın sürətlənməsi, təchizat problemlərinin yaranması və emal güclərinin azalması iqtisadiyyatın demək olar ki, bütün sahələrində qiymət artımlarına səbəb olacaq. Bu isə öz növbəsində ölkə daxilində sosial narazılığın artmasına gətirib çıxara bilər. Məhz neft emalı zavodlarını hədəfə almaqla Ukrayna Rusiya vətəndaşları arasında sosial narazılığı artırmağa və bunun nəticəsində mövcud hakimiyyətə qarşı etiraz meyillərinin güclənməsinə nail olmağa çalışır. Burada hərbi əməliyyatların əsas məqsədi hərbi deyil, daha çox siyasi nəticələr əldə etməkdir. Əgər bu proses davam edərsə və qış aylarına doğru neft emalı zavodlarının fəaliyyətindəki çətinliklər daha da dərinləşərsə, nəticə etibarilə Rusiyanın bütün iqtisadi sahələrində bahalaşma və qıtlıq qaçılmaz ola bilər. Bu isə sosial narazılığın daha da artmasına və cəmiyyətdəki gərginliyin dərinləşməsinə səbəb olacaq. Bundan başqa, Rusiyanın neft emalı zavodlarının sıradan çıxması ixrac imkanlarına da mənfi təsir göstərəcək. Xüsusilə emal edilmiş neft məhsullarından əldə olunan gəlirlərin həcminin ciddi şəkildə azalacağı proqnozlaşdırılır. Belə olan halda Rusiya büdcəsinin gəlirlərində təxminən 25-30 faiz azalma baş verə bilər. Digər tərəfdən, Ukrayna müharibəsi səbəbindən hərbi xərclərin təxminən 17-20 faiz artırılması zərurəti yaranır. Bu iki amilin eyni vaxtda baş verməsi ölkədə sosial problemlərin daha da dərinləşməsinə gətirib çıxara bilər. Nəticə etibarilə iqtisadi çətinliklərdən qaynaqlanan sosial narazılıqlar zamanla siyasi xarakter ala və mövcud hakimiyyətə qarşı yönələn çıxışların artmasına səbəb ola bilər", - deyə iqtisadçı qeyd edib.
Səidə Ramazanova