Bakıya gəlməyə hazır olduğunu deyən Paşinyan hansı mesajları verir?- ÖZƏL

"Ermənistanın Baş naziri Nikol Paşinyanın 2029-cu ildə Bakıda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak etmək niyyəti və Azərbaycana gəlməyə hazır olduğunu bəyan etməsi, Cənubi Qafqazın post-münaqişə arxitekturasında mühüm diplomatik gediş kimi qiymətləndirilməlidir. Bu bəyanat həm regional, həm də qlobal səviyyəyə yönəlmiş bir neçə ciddi siyasi mesajı özündə cəmləşdirir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"İlk növbədə, İrəvan bu addımla beynəlxalq birliyə özünün konstruktiv və sülhpərvər tərəfdaş imicini nümayiş etdirməyə çalışır. Paşinyan mesaj verir ki, Ermənistan regionda reallıqları qəbul edir və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təkcə kağız üzərində deyil, simvolik olaraq onun paytaxtına səfər etməklə də tanımağa hazırdır. Digər tərəfdən, sammitin məhz Avropa Siyasi Birliyi platforması çərçivəsində keçirilməsi İrəvanın Qərbə inteqrasiya və Avropa institutlarının vasitəçiliyinə sadiqlik xəttini vurğulayır. Bu bəyanat həm də daxili auditoriyaya və radikal müxalifətə bir siqnaldır: Ermənistan rəhbərliyi keçmişin tabularını qırmağa və qonşularla birbaşa, praqmatik təmaslar qurmağa qərarlıdır. 029-cu ilə qədər sülh müqaviləsinin imzalanması, delimitasiya prosesinin tam başa çatması və kommunikasiyaların açılması istiqamətində real irəliləyişlər əldə olunarsa, Paşinyanın Bakı səfəri bu böyük sülh arxitekturasının "dam daşı" (kulminasiya nöqtəsi) olacaq. Əks təqdirdə, yəni fundamental məsələlər həll olunmadan gerçəkləşən səfər sadəcə növbəti bir diplomatik protokol və ya siyasi manevr olaraq qalacaq və dayanıqlı etimad mühiti yarada bilməyəcək.

Nəticə etibarilə, Nikol Paşinyanın bu bəyanatı Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olmaq üçün "diplomatik sınaq şarı" rolunu oynayır. Bu gedişin real nəticə verməsi Paşinyanın qarşıdakı illərdə sülh gündəliyini nə dərəcədə səmimi və sürətlə icra edəcəyindən asılı olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31