Azərbaycanın multikulturalizm ənənələri dünyada nümunə göstərilən dəyərlərdir- ÖZƏL

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "BƏƏ-də tolerantlıq: dərin köklərə malik irs və davamlı baxış" adlı mədəni tədbir keçirilib. Bu barədə "Olaylar"a Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib: "Tədbir çərçivəsində tolerantlıq, multikulturalizm, mədəni müxtəliflik və xalqlar arasında qarşılıqlı hörmət kimi mühüm mövzular ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin bu istiqamətdə həyata keçirdiyi siyasət, əldə etdiyi təcrübə və təşəbbüslər təqdim olundu.

Düşünürəm ki, müxtəlif mədəniyyətləri, dinləri və ənənələri təmsil edən insanların qarşılıqlı anlaşma və hörmət şəraitində bir araya gəlməsi müasir dünyanın ən vacib ehtiyaclarından biridir. Bu baxımdan tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə xidmət edən belə tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda hesab edirəm ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında humanitar və mədəni layihələrin rolu böyükdür. Bu cür görüşlər xalqlarımız arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verir.

Düşünürəm ki, Azərbaycanın multikulturalizm ənənələri, dini və etnik müxtəlifliyə hörmət prinsipi bu gün dünyada nümunə göstərilən dəyərlərdəndir. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Belə tədbirlər müxtəlif ölkələr arasında mədəni dialoqun genişlənməsinə, tolerantlıq dəyərlərinin təşviqinə və beynəlxalq əməkdaşlığın daha da güclənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31