Ermənistan sülh mesajı verir, bəzi dairələr isə qarşıdurma narrativindən əl çəkmir - ÖZƏL
13:04 Siyasət"Xüsusilə İsveçrə kimi ölkələrdə Ermənistan-Azərbaycan münaqişəsindən, qarşıdurmadan və illərlə axıdılan qandan siyasi və ictimai dividend qazanan şəxslər həmişə olub, bu gün də mövcuddur."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Müharibənin başa çatması, xalqların yaxınlaşması və dövlətlər arasında münasibətlərin normallaşması onlara sərf etmir. Çünki bu halda onların illərlə formalaşdırdıqları fəaliyyət sahəsi və təsir imkanları zəifləyir.
Bu gün Ermənistanın özü bəyan edir ki, münaqişə artıq başa çatıb və əsas məsələ yekun sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan rəsmiləri dəfələrlə bildiriblər ki, müzakirə olunacaq əsas məsələlər həllini tapıb və prosesin yekunlaşdırılması vacibdir. Buna baxmayaraq, müəyyən dairələr müxtəlif platformalarda mövcud olmayan problemləri yenidən gündəmə gətirməyə, süni şəkildə gərginlik yaratmağa çalışırlar.
Təbii ki, bu cür fəaliyyətlərin arxasında müəyyən erməni lobbi mərkəzləri dayanır. Lakin mən daha çox Rusiyanın təsir imkanlarından şübhələnirəm. Çünki Rusiya, xüsusilə Avropada müxtəlif şəxslər və qruplar vasitəsilə öz mövqeyini ifadə etmək imkanlarını hələ də qoruyub saxlayır. Bu şəxslər müəyyən maraqlar naminə fəaliyyət göstərir və onların hansı məqsədlərə xidmət etdiyi də yaxşı məlumdur.
Ancaq bir məqamı unudurlar ki, nə qədər çalışsalar da, reallıq dəyişmir. Onların iddia etdiyi problem artıq mövcud deyil. Problem olmayan yerdə onun süni şəkildə gündəmdə saxlanılması və davamlılıq qazanması olduqca çətindir. Hazırda sadəcə ictimai rəyi çaşdırmağa və proseslərə kölgə salmağa cəhd göstərirlər.
Lakin Azərbaycan daha mürəkkəb və çətin mərhələlərdən keçib. Bu cür cəhdlər də nəticəsiz qalacaq və zamanla aradan qalxacaq."
İbrahim Məmmədli