Rusiyada seçkilərdən çox siyasi nümayiş keçirilir - ÖZƏL

"Rusiyada keçirilən seçkilər real demokratik seçki prosesindən daha çox, daxili siyasətdə hakimiyyətin mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş taktiki əməliyyatı xatırladır. Şübhəsiz ki, bu seçkilər də Vladimir Putinin rəhbərlik etdiyi hakim partiyanın qələbəsi ilə başa çatacaq. Həm seçici fəallığı, həm də əldə ediləcək mandatların sayı baxımından hakim partiyanın əvvəlki seçkilərlə müqayisədə mövqelərini daha da gücləndirəcəyi gözlənilir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu seçkilər eyni zamanda bir nümayiş xarakteri daşıyır. Rusiya hakimiyyəti Ukrayna müharibəsinin dördüncü ilində belə müharibənin hakimiyyətin nüfuzuna və hakimiyyət-xalq birliyinə heç bir mənfi təsir göstərmədiyini nümayiş etdirməyə çalışır. Buna görə də həm seçici iştirakının yüksək göstərilməsi, həm də hakim partiyanın nəticələrinin daha güclü təqdim edilməsi məqsədli addım kimi qiymətləndirilə bilər.

Kommunist Partiyasının sorğularda hakim partiyadan sonra ikinci siyasi qüvvə kimi göstərilməsi də yeni hadisə deyil. Bu, Rusiyanın son 20-25 ildə tətbiq etdiyi seçki taktikasının davamıdır. Çünki ölkədə real müxalifət faktiki olaraq sıradan çıxarılıb. Siyasi müxalifət kimi təqdim olunan qüvvələrin əksəriyyəti hakimiyyətin nəzarətində olan psevdomüxalifət partiyalarıdır və onların əsas funksiyası seçkilərdə alternativlik görüntüsü yaratmaqdır.

Məhz buna görə də son iki onillikdə keçirilən seçkilərdə hakim partiyadan sonra ən güclü siyasi qüvvə kimi adətən Kommunist Partiyası və Liberal Demokrat Partiyası göstərilib. Bu dəfə də Kommunist Partiyasının mövqelərinin guya gücləndiyi barədə yaradılan görüntü seçkiöncəsi taktikanın tərkib hissəsidir. Sorğular və ictimai rəyin formalaşdırılması prosesi ciddi şəkildə idarə olunur.

Seçkilərdən sonra Kommunist Partiyasının parlamentdə nəzərəçarpacaq təmsilçilik əldə etməsi ehtimalı yüksəkdir. Lakin bu, hakimiyyət üçün təhlükə yaratmır. Əksinə, Kommunist Partiyasının güclü görünməsi Kremlin maraqlarına uyğundur. Çünki bu partiya da hakim partiya kimi Ukraynadakı hərbi əməliyyatları, ölkə daxilində həyata keçirilən siyasi kursu və mövcud idarəetmə modelini dəstəkləyir.

Kommunist Partiyasının güclənməsi nəzarət altında həyata keçirilən və idarə olunan prosesdir. Hakimiyyət üçün risk yaratmayan belə bir siyasi qüvvənin önə çıxarılması, əslində, digər alternativ siyasi qüvvələrin güclənməsinin qarşısını almağa xidmət edir.

Hətta nəzəri olaraq Kommunist Partiyasının hakimiyyətə gələcəyi halda belə, Rusiyanın xarici siyasətində, xüsusilə Ukraynaya, MDB məkanına və qonşu dövlətlərə münasibətdə ciddi dəyişikliklərin baş verəcəyi inandırıcı görünmür. Buna görə də Rusiyada Kommunist Partiyasının mövqelərinin gücləndirilməsi hakimiyyət üçün təhlükə deyil, əksinə Kremlin seçkiöncəsi taktikasının növbəti elementlərindən biridir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31