Paşinyanın qazandığı vaxt Azərbaycanın əleyhinə işləyə bilərmi?- ÖZƏL
12:43 Siyasət"Nikol Paşinyanın hakimiyyətdə qalması yaxın perspektivdə Azərbaycan-Ermənistan münasibətlərində keçid dövrü üçün əlverişli ola bilər. Ancaq bu, Paşinyan hakimiyyətinin Azərbaycana görə etibarlı tərəfdaş olduğu anlamına gəlməməlidir". Bunu "Olaylar"a hüquqşünas Vüqar Dadaşov deyib: "Ermənistan siyasi elitası, xüsusən də Paşinyan iqtidarı artıq anlayıb ki, Azərbaycan və Türkiyə ilə açıq qarşıdurma siyasəti nəinki nəticə vermir, əksinə Ermənistanın mövcudluğuna real təhlükə yaradır. Buna görə də Paşinyan qarşıdurmanı hərbi-siyasi müstəvidən diplomatik, informasiya və ictimai müstəviyə keçirməyə çalışır. Yəni mahiyyət dəyişmir, yalnız üsul dəyişir.
Bu gün Paşinyanın əsas məqsədi Ermənistanın zəiflədiyi və məğlub olduğu bir dövrdə vaxt qazanmaq, dövlət institutlarını bərpa etmək, yeni xarici dayaqlar formalaşdırmaq və gələcək üçün daha əlverişli geosiyasi şərait gözləməkdir. Ermənistanın strateji maraqları dəyişmədiyi halda, taktiki davranışların dəyişməsi Azərbaycan üçün illuziyaya çevrilməməlidir.
Bundan əlavə, 2026-cı il iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində Raşinyan iqtidarı qalib gəlsə də konstitusion çoxluğu əldə edə bilmədi. Bu isə Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması kimi fundamental dəyişiklikləri təkbaşına həyata keçirməsinə imkan vermir. Bu fakt Ermənistanın taktiki dəyişikliklərə baxmayaraq, strateji kursunun dəyişmədiyini göstərir.
Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa və Avrointeqrasiya xəttinə yönəltməyə çalışır. Ermənistanın geosiyasi vektorunun Moskvadan Brüsselə yönəlməsi onun mahiyyət etibarilə Azərbaycan və türk dünyasına qarşı alət kimi istifadəsinə davam ehtimalını qüvvədə saxlayır. Buna görə də Ermənistanın xarici siyasətindəki bu dəyişiklik strateji transformasiya deyil, himayədar dəyişikliyidir.
Paşinyanın irəli sürdüyü "real Ermənistan" layihəsi və 29 min kvadrat kilometrlik Ermənistan ərazisinin tanınması sovet dövründə Ermənistana verilmiş Azərbaycan torpaqlarının legitimləşdirilməsi cəhdidir. Keçən il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi isə özündə sərhəd xəttini, ərazi mənsubiyyətini və ərazi ölçülərini müəyyən etmir. Belə bir saziş Azərbaycanın gələcək strateji hədəflərinin həyata keçirilməsi üçün əlavə maneələr imkanı yarada bilər.
Tarixi təcrübə göstərir ki, Ermənistan məhz Azərbaycanla münasibətlərin nisbətən normal olduğu dövrlərdə daha çox siyasi və ərazi üstünlükləri əldə edə bilib. Bu baxımdan Ermənistanla münasibətlərin tam normallaşdırılması Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil.
Azərbaycan Ermənistanla sülh şəraitində yaşamalı, lakin münasibətləri əsasən dövlətlərarası, rəsmi və inzibati müstəvidə saxlamalıdır. Sərbəst ictimai və vətəndaş əlaqələrinə yol vermək olmaz. Ermənistanın dövlət siyasətinin əsas elementlərindən biri uzunmüddətli təsir və təbliğat mexanizmlərindən istifadə etməkdir. Dövlətlərarası münasibətlər nəzarət altında saxlanıla bildiyi halda, ictimai müstəvidə yaradılan əlaqələr gələcəkdə Azərbaycana qarşı "yumşaq güc" (soft power) vasitəsilə daxili auditoriyaya təsir imkanları qazana bilər.
Azərbaycan üçün əsas vəzifə Ermənistanla müharibə vəziyyətini deyil, strateji məsafəni qorumaqdır. Sülh mümkündür, lakin Ermənistanın məqsədlərinin dəyişdiyi barədə nəticə çıxarmaq üçün heç bir ciddi əsas yoxdur. Ermənistanın siyasətində dəyişən taktika ilə dəyişməyən məqsədləri bir-birindən ayırmağı bacarmaq Azərbaycanın milli təhlükəsizliyi baxımından prinsipial əhəmiyyət daşıyır".