Ermənistanın Qərb xətti: Aİ dəstəyi Rusiyanın boşluğunu doldura bilərmi? - ÖZƏL

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iyulun 5-də Ermənistana səfər edəcəyini açıqlayıb. O bildirib ki, Aİ Ermənistanı maliyyə baxımından dəstəkləyəcək, ticarət əlaqələrinin genişlənməsinə yardım göstərəcək və İrəvanda konkret addımlar müzakirə olunacaq. Kos həmçinin Rusiyanın Ermənistana təzyiqlərinin artdığını vurğulayıb.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" İndiki vəziyyətdə Avropa İttifaqının Ermənistana nə qədər dəstək verəcəyi özü ciddi sual altındadır. Yəni əgər Ermənistana göstərilən dəstək Rusiyanın ona qarşı tətbiq etdiyi bütün təzyiqləri kompensasiya edə biləcəksə, təbii ki, bu halda Ermənistan üçün yetərli olacaq, hətta artıq da qalacaq. Amma Avropa İttifaqı istər məsafə baxımından, istər xərclər baxımından, istərsə də öz daxilində yaşanan problemləri nəzərə aldıqda buna hazır olacaqmı? Ermənistanın maraqlarını qorumaq üçün İttifaq daxilində bütün bu məsələlər razılaşdırılacaqmı? Bu, hazırda qarşımızda duran ciddi suallardan biridir. Mənə elə gəlir ki, Avropa İttifaqı həm qlobal miqyasda davam edən münaqişələr fonunda, həm də Avropanın öz daxilində ciddi fikir ayrılıqlarının yaşandığı və bunun müəyyən çatlara səbəb olduğu bir reallıqda Ermənistanla bağlı qərarlarında Rusiyadan gələn təzyiqləri tam kompensasiya edəcək qədər dəstək göstərə bilməyəcək. Amma müəyyən mənada bu dəstəyin özü belə Ermənistan rəhbərliyi üçün bir fürsətə  çevrilə bilər. İqtisadi itkilər tam mənada kompensasiya olunmayacaq, bəlkə də. Lakin Ermənistan hakimiyyəti bunu daxili siyasətdə bir alət kimi istifadə edəcək və öz ictimaiyyətinə çatdıracaq ki, bizi sıxan, bizə öz vassalı kimi baxan Rusiyanın təzyiqlərinə qarşı dayanmaq iqtidarındayıq.
Alternativ olaraq işlər görürük, Avropa bazarlarına çıxırıq, Ermənistan sahibkarlarının, fermerlərinin, sənaye məhsullarının, eləcə də digər iş adamlarının Avropa bazarlarına inteqrasiyasına çalışırıq və daha böyük bir dünyaya çıxış imkanı əldə edirik. Bu istiqamətdə Avropa İttifaqının tam olmasa da, məsələn, Rusiyanın bazarlara çıxmasına əngəl yaratdığı məhsulların heç olmasa bir hissəsinin Avropa bazarlarına çıxarılmasına şərait yaratması imkan verəcək ki, Paşinyan hakimiyyəti bunu özü üçün siyasi üstünlüyə çevirsin. Ona görə də bəlli məsələdir ki, Rusiya bütün sahələrdə Ermənistanla iqtisadi münasibətləri kəsərsə, yaranacaq yaraların sağalması və bunun Avropa vasitəsilə kompensasiya edilməsi üçün illər, bəlkə də onilliklər lazım olacaq. Ermənistan məhsullarının rahat şəkildə Avropa bazarlarına və Avropanın vasitəsilə digər bazarlara çıxarılması zaman tələb edən prosesdir.
Ancaq indiki məqamda kiçik dəstəyin özü belə Ermənistan rəhbərliyi üçün həyati əhəmiyyət daşıyacaq. Ən azından daxili sabitliyin qorunmasına, eləcə də Rusiyaya qarşı yürüdülən sərt siyasətin davam etdirilməsinə vasitə olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31