Ermənistanda yeni reallıq: Rusiyapərəst qüvvələr sıxışdırılır - ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki Rusiyapərəst və revanşist müxalifəti, xüsusilə eks-prezident Serj Sarkisyanı hədəf alaraq, xalqın bu "mafiyanın" məhv edilməsini tələb etdiyini bildirib. O, müxalifət liderlərinə xəbərdarlıq edərək, onların Ermənistandan qaçmaq fürsətinin belə olmayacağını vurğulayıb.
Qeyd edək ki, seçkilərdən sonra Paşinyan müxalifətə qarşı təzyiqləri artırıb. Artıq "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan barəsində cinayət işi açılıb, sabiq prezident Robert Köçəryanın isə ölkədən çıxışının qarşısı alınıb.


Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

" Seçkidən sonra Paşinyanın rəqiblərini bu və ya digər formada sıradan çıxaracağı gözlənilirdi. Seçkidən sonra Paşinyan ya rəqiblərinin onun üzərinə gələcəyini düşünürdü, ya da özü onları sıradan çıxarmağa çalışacaqdı. Görünən odur ki, artıq ikinci variant baş verir.
Yəni rəqibləri ölkəni tərk etməyə başladıqları bir vaxtda Paşinyan onları bir-bir sıradan çıxarır və həbslərə başlayır. Bununla da o, əslində hakimiyyətini daha da möhkəmləndirir, gücləndirir. Prinsip etibarilə bu, bizim maraqlarımıza uyğundur. Niyə? Çünki bizim üçün Qarabağ klanının və Rusiyaya sadiq qüvvələrin hakimiyyətdə olması heç bir halda sərfəli deyildi. İndiki məqamda isə onların sıradan çıxarılması, Ermənistan-Azərbaycan dialoqunun inkişaf etdirilməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və yekun sülh müqaviləsinin imzalanması baxımından müsbət məqamlar kimi qiymətləndirilə bilər.
Hesab edirəm ki, Paşinyanın hazırda atdığı addımlar bu baxımdan doğru istiqamətdədir. Artıq burada məsələ başqadır: bu addımlar demokratikdir, yoxsa antidemokratik? Amma biz məsələyə milli maraqlarımız və regional sülh kontekstindən yanaşmalıyıq. Hər iki aspektdən baxdıqda hesab edirəm ki, proses bizim üçün uğurlu şəkildə inkişaf edir. Düşünürəm ki, həm də bu proses Paşinyanın və Qərbin istədiyi məcrada irəliləyir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31