ABŞ-İran münasibətlərində yeni səhifə: 19 iyun görüşünün pərdəarxası- ÖZƏL

Pakistan Baş naziri Şahbaz Şərif intensiv danışıqlardan sonra ABŞ və İran arasında Sülh Sazişinin əldə olunduğunu və Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırıldığını elan edib.
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında anlaşma memorandumunun imzalandığını və Hörmüz boğazının iyunun 19-da tam açılacağını bildirib. Sazişin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək və tədbirdə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens, həmçinin şəxsən Donald Trampın iştirakı gözlənilir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Amerika və İran arasında sülh sazişinin ilkin variantının iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir. Yayılan məlumatlara görə, mərasimdə ABŞ-ın vitse-prezidenti və İran parlamentinin sədri iştirak etməlidir.
Donald Trampın bu tədbirdə iştirakı məsələsinə gəldikdə isə, bu, o qədər də real görünmür. Çünki nəzərə alsaq ki, əvvəlki danışıqlarda da ABŞ tərəfinə vitse-prezident rəhbərlik edib, İran tərəfini isə parlament sədri təmsil edib, sənədin də məhz bu iki şəxs tərəfindən imzalanması daha məntiqli görünür.
Ona görə də Trampın iştirakını real hesab etmirəm. Həm də nəzərə almaq lazımdır ki, söhbət hələ yekun sülh sazişindən getmir. Bu sənəd daha çox atəşkəs rejiminin uzadılması ilə bağlı razılaşma kimi qiymətləndirilməlidir.
Məlumata görə, atəşkəs müddətinin daha 60 gün uzadılması nəzərdə tutulur. Tərəflər bu müddət ərzində İranın nüvə proqramı ilə bağlı əsas məsələləri, o cümlədən uranın zənginləşdirilməsi və ya zənginləşdirilmiş uranın ölkədən çıxarılması kimi mövzuları müzakirə etməlidirlər. Daha mürəkkəb məsələlərin isə sonrakı mərhələlərdə müzakirə olunacağı gözlənilir.
Bu baxımdan, iyunun 19-da keçiriləcək mərasimdə Donald Trampın iştirak edəcəyini düşünmürəm. Əgər gələcəkdə daha genişmiqyaslı sülh sazişi əldə olunarsa, tərəflər yekun razılığa gələrsə və qarşıdurma tamamilə dayandırılarsa, o zaman həm İranın ali dini liderinin, həm də Donald Trampın belə bir tədbirdə iştirakı mümkün ola bilər.
Trampın siyasi üslubu bəzən gözlənilməz addımlarla müşayiət olunsa da, onun belə bir mərasimdə imza atan tərəf kimi deyil, daha çox yekun sülh sazişinin təqdim olunduğu tədbirin iştirakçısı kimi yer alması ehtimalı daha yüksəkdir.
Hazırkı mərhələdə isə iyunun 19-da keçiriləcək mərasimdə Trampın iştirak edəcəyi o qədər də inandırıcı görünmür. Baxmayaraq ki, hazırda o, Avropada səfərdədir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31