ABŞ-İran sülhünün pərdəarxası: G7-yə gəldi, bəs sülh mərasiminə necə? – ÖZƏL

Pakistan ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan Sülh Sazişinin əldə olunduğunu elan edib. Məlumata görə, iyunun 19-da İsveçrədə keçiriləcək rəsmi imzalama mərasimində ABŞ Prezidenti Donald Trampın iştirakı gözlənilir.

"Hələ tam məlum deyil ki, Tramp orada iştirak edəcək, ya yox. Belə bir ehtimal var. Hazırda Tramp Avropadadır və G7 (Yeddilər Qrupu) sammitində iştirak edir. Sabah ayın 18-i, bir gün sonra isə həmin imzalama mərasiminin Cenevrədə keçiriləcəyi gözlənilir. Ona görə də onun iştirakının nə dərəcədə mümkün olduğunu dəqiq söyləmək çətindir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Tramp belə məsələlərdən öz populyarlığı və siyasi imici üçün istifadə etməyi bacaran siyasətçidir. O, hətta kiçik hadisələri belə böyük uğur kimi təqdim etməyə və özünü əvəzolunmaz lider kimi göstərməyə çalışır. Buna görə də onun hansı addımı atacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Səhər bir fikir söyləyə, axşama doğru isə mövqeyini dəyişə bilər. Bu səbəbdən də iştirak edib-etməyəcəyi ilə bağlı qəti fikir bildirmək mümkün deyil. Vitse-prezident Vens də yalnız onun iştirak edə biləcəyini deyir, amma bunu qəti şəkildə təsdiqləmir. Xatırlayırsınızsa, G7 sammiti ərəfəsində də Tramp Avropa liderlərini "gəlməyə də bilərəm" bəyanatları ilə tərəddüddə saxlayırdı, amma nəticədə tədbirdə iştirak etdi. NATO ilə bağlı görüşlərdə də bəzən iştirak etməyəcəyini deyir, sonra isə mövqeyini dəyişir. Ona görə Trampın davranışlarını əvvəlcədən müəyyənləşdirmək həqiqətən çətindir.

"İranın ali rəhbərinin həmin tədbirdə iştirak etməsi gözlənilmir. Əsas məsələ Qalibafın iştirakı ilə bağlıdır. Tramp isə istəsə, bu vəziyyəti öz siyasi maraqları baxımından təqdim edə bilər. O, memorandumdan əvvəl dəfələrlə bildirirdi ki, İranda ABŞ ilə danışıq aparmaq və razılaşmaya gəlmək istəyən ağıllı insanlar var. Həmin açıqlamalarında dini lideri nəzərdə tutmadığını da vurğulayırdı. Qərb mətbuatında da müəyyən vaxtlar Trampın bu sözlərlə Qalibafı nəzərdə tutduğu barədə fikirlər səsləndirilmişdi. Düzdür, Qalibaf sonradan bu iddiaları təkzib etmişdi. Amma Tramp yenə də gəlib tədbirdə iştirak edə bilər. Hətta bunu belə təqdim edə bilər ki, Qalibaf İran daxilində düzgün qərarlar verməyə çalışan siyasətçilərdən biridir və müəyyən təmaslar əvvəldən mövcud olub", - deyə siyasi şərhçi qeyd edib.

Ş. Ağayev əlavə edib ki, Tramp bu memorandumun ABŞ üçün bir qələbə kimi təqdim olunmasına çalışa bilər. O, həm Amerika ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya ABŞ-nin bu prosesdən qalib çıxması görüntüsünü vermək istəyəcək. Məhz buna görə də Qalibafın iştirak etdiyi tədbirdə görünməsi istisna deyil. Əgər söhbət rəsmi imzadan gedirsə, ehtimal ki, sənədə Vens və Qalibaf imza atacaq. Lakin Tramp özünü qalib lider kimi göstərmək və bu siyasi dividendləri əldə etmək üçün mərasimdə iştirak edə bilər. Mənim fikrimcə, əgər o, həmin tədbirə qatılacaqsa, bunun əsas səbəbi də məhz özünü qalib obrazında təqdim etmək istəyidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31