Kremlin 7 milyardlıq təzyiqi: Avropa Ermənistanı xilas edə bilərmi? – ÖZƏL
14:41 Siyasət"Hazırda Cənubi Qafqaz uğrunda amansız rəqabət və geosiyasi mübarizə gedir. Bu rəqabətin bir tərəfində Rusiya, digər tərəfində isə həm Amerika Birləşmiş Ştatları, həm də Avropa Birliyi dayanır. Məsələ ondadır ki, Rusiya Cənubi Qafqazı Qərbin siyasi dairələrinin təsir zonasına buraxmaq istəmir və buna görə də Ermənistanla bağlı mövqeyini hər keçən gün daha da sərtləşdirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan Qərblə Rusiya arasındakı qarşıdurmanın əsas poliqonu kimi məhz Ermənistan ön plana çıxır. Xüsusilə də Kremlin Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməməsindən sonra Rusiyanın bu ölkəyə qarşı iqtisadi amillər üzərindən təzyiq siyasətini gücləndirdiyi müşahidə olunur. Bu isə Ermənistan üçün kifayət qədər sarsıdıcı prosesdir. Təbii ki, belə bir şəraitdə Ermənistana müəyyən vədlər vermiş Qərb siyasi dairələrinin artıq konkret addımlar atması gözlənilir. Bu baxımdan Avropa Birliyi və onu təmsil edən qurumların Ermənistanla təmaslarını ardıcıl şəkildə artırması qətiyyən gözlənilməz deyil. Ermənistan iqtisadiyyatı tamamilə olmasa da, böyük ölçüdə Rusiyadan asılı vəziyyətdədir. Ölkənin enerji təminatı əsasən Rusiyadan asılıdır. Ermənistanın kənd təsərrüfatı məhsullarının və ümumilikdə istehsal etdiyi malların əsas ixrac bazarı da Rusiyadır. Bu səbəbdən Kremlin əlində Ermənistana qarşı kifayət qədər ciddi təzyiq mexanizmləri mövcuddur və Rusiya hazırda həmin imkanlardan istifadə edir. Avropanın isə Ermənistanla siyasi-strateji münasibətlərdən başqa elə də ciddi iqtisadi bağlantıları yoxdur. Hazırda məhz belə əlaqələrin formalaşdırılması istiqamətində müəyyən addımların atılması ehtimalı müşahidə edilir.
"Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistanın yaxın perspektivdə Avropa Birliyinə üzv olması qətiyyən inandırıcı görünmür. Bununla belə, Avropa ölkələri Ermənistana iqtisadi və ticarət sahəsində müəyyən dəstək göstərə bilərlər. İlk növbədə, Ermənistanın istehsal etdiyi məhsulların, xüsusilə kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışında problemlər yarandıqdan sonra həmin məhsulların bəzi Avropa ölkələrinin bazarlarına yönləndirilməsinə yardım edilə bilər. Lakin bu dəstəyin hansı səviyyədə Ermənistan iqtisadiyyatına real töhfə verəcəyi hələ də ciddi sual doğurur. Çünki Rusiya ilə Ermənistan arasında kənd təsərrüfatı məhsulları və digər mallar üzrə ticarət dövriyyəsi, Kremlin və Prezident Vladimir Putinin açıqlamalarına görə, təxminən yeddi milyard dollar həcmindədir. Avropa Birliyinin bu qədər böyük iqtisadi əlaqələri nə dərəcədə kompensasiya edə biləcəyi isə hələlik məlum deyil. Təbii ki, Avropa Birliyinin Ermənistana dəstək məqsədilə ayırdığı 50 və ya 100 milyon avro həcmində maliyyə vəsaitləri ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün kifayət etməyə bilər. Bu baxımdan Ermənistan hazırda olduqca mürəkkəb və qəliz situasiya ilə üz-üzədir və bu vəziyyətdən çıxış yolları axtarır. Böyük ehtimalla, yaxın aylarda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi və Ermənistanın hansı geosiyasi seçimlər edəcəyi daha aydın şəkildə görünməyə başlayacaq", - deyə ekspert qeyd edib.
Səidə Ramazanova