Şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olunub- ÖZƏL
10:20 Siyasət"Cənab Prezidentin həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. O, həmişə qətiyyətlə bildirirdi ki, biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq, torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı həmişə bəyan edirdi ki, biz münaqişəni danışıqlar, sülh yolu ilə həll etmək istəyirik, ancaq Ermənistan danışıqlarda konstruktiv mövqe tutmasa biz bu məsələni hərbi yolla həll edəcəyik. Bunun üçün Azərbaycan güclü orduya və iqtisadi gücə malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni vandalları ərazilərimizi əbədi işğal altında saxlamaq istəyirdi və hətta yeni ərazilər ələ keçirmək iddiasında idilər. 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri Tovuz rayonu, dövlət sərhədində yeni ərazilər zəbt etmək məqsədilə növbəti təxribata əl atdılar. Bu təxribatın qarşısını Şanlı Ordumuz qətiyyətlə aldı və əks-hücum əməliyyatı keçirərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə torpaqlarımız işğaldan azad olundu.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Cənab Prezident İlham Əliyev bu barədə deyib ki, bizim Qələbəmiz tarixi Qələbədir: "Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan mütəmadi olaraq, tez-tez işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir və bu səfərlər çox zəngin və əhatəlidir. Belə ki, azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın dirçəlişinə aparan "Böyük Qayıdış" proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır.
Bu gün bütün sahələrdə əldə etdiyimiz uğurların əsasında ulu öndərin möhkəm təməlini qoyduğu iqtisadi-siyasi inkişaf strategiyası dayanır. Azərbaycana böyük uğurlar gətirən bu inkişaf, tərəqqi kursu bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan daha da çiçəklənir, ölkəmiz yeni-yeni uğurlara imza atır".