Bəhruz Quliyev: "İran məsələsi ABŞ-nin daxili siyasi qarşıdurma alətinə çevrilib" – ÖZƏL
16:58 Siyasət"ABŞ Prezidenti Donald Tramp tərəfindən İranla bağlı yayılan məlumatların təkzib edilməsi və Tehrana guya 300 milyon dollar vəsait ayrılması barədə iddiaların yalan adlandırılması ilk növbədə ABŞ daxilində gedən siyasi mübarizənin göstəricisidir. Trampın bu məsələ ilə bağlı demokratları ittiham etməsi göstərir ki, İran mövzusu yenidən Amerika siyasətində daxili siyasi qarşıdurmanın əsas alətlərindən birinə çevrilib. Donald Trampın açıqlamasını ABŞ-İran münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək hələ tezdir. Çünki Vaşinqton və Tehran arasında uzun illərdir davam edən fundamental ziddiyyətlər, yəni nüvə proqramı, regional təhlükəsizlik, sanksiyalar və Yaxın Şərqdə geosiyasi maraqlar hələ də öz aktuallığını qoruyur".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, bununla belə, Trampın İranın nüvə silahına malik olmaması ilə bağlı razılaşmanı xüsusi vurğulaması göstərir ki, Vaşinqton üçün əsas prioritet məhz İranın nüvə potensialının nəzarətdə saxlanılmasıdır. Digər tərəfdən, İrana maliyyə dəstəyi göstərilməsi barədə ziddiyyətli məlumatların yayılması ABŞ-nin Yaxın Şərq siyasətinə müəyyən mənfi təsirlər yarada bilər. Belə xəbərlər regiondakı ənənəvi ABŞ tərəfdaşlarında, xüsusilə də Israil və ərəb ölkələrində Vaşinqtonun siyasəti ilə bağlı əlavə suallar doğura bilər. ABŞ administrasiyasının İrana münasibətdə hansı xətti izlədiyi barədə qeyri-müəyyənlik yaranarsa, bu, regiondakı strateji tərəfdaşların etimadına da təsirsiz ötüşməz.
"Düşünürəm ki, beynəlxalq ictimai rəy baxımından isə belə informasiyalar informasiya müharibəsinin tərkib hissəsidir. Müasir dövrdə geosiyasi proseslər təkcə diplomatik masalarda deyil, həm də informasiya məkanında formalaşır. Bu səbəbdən İranla bağlı maliyyə dəstəyi iddialarının yayılması və sonradan təkzib olunması müxtəlif siyasi mərkəzlərin ictimai rəyi öz maraqlarına uyğun istiqamətləndirmək cəhdləri kimi də qiymətləndirilə bilər. Hesab edirəm ki, Trampın açıqlaması ABŞ-İran münasibətlərində radikal dönüşdən daha çox, mövcud siyasətin izahı və daxili siyasi mübarizəyə yönəlmiş mesaj xarakteri daşıyır. Lakin bu hadisə bir daha göstərir ki, İran məsələsi yaxın dövrdə də həm Yaxın Şərq geosiyasətinin, həm də Amerika daxili siyasətinin ən mühüm mövzularından biri olaraq qalacaq. ABŞ və İran arasında münasibətlərin gələcək trayektoriyası isə tərəflərin nüvə proqramı, regional təhlükəsizlik və qarşılıqlı etimad məsələlərində hansı addımları atacağından asılı olacaq", - deyə B.Quliyev qeyd edib.
Səidə Ramazanova