ABŞ-İran razılaşmasının pərdəarxası: tərəflər niyə ziddiyyətli açıqlamalar verir? ÖZƏL

ABŞ prezidenti Donald Tramp İrana 300 milyon dollar ödəniləcəyi ilə bağlı məlumatları təkzib edib. O, Truth Social hesabında bu xəbərlərin qəsdən təhrif olunduğunu bildirib və İranın nüvə silahına sahib olmamağa razılaşdığını vurğulayıb. Tramp yayılan məlumatlara görə demokratları ittiham edib.

Donald Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi? İrana maliyyə dəstəyi ilə bağlı ziddiyyətli məlumatların yayılması ABŞ-ın Yaxın Şərq siyasətinə və beynəlxalq ictimai rəyə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" İranla razılaşma ilə bağlı ABŞ prezidentinin verdiyi açıqlamalar əvvəlki açıqlamalar kimi yenə də ziddiyyətlidir. Razılaşma mətninə görə kompensasiya tərkibində müəyyən olunmuş müddəa var. Lakin prezident Tramp bunu inkar edir. Mövcud proseslərlə bağlı həm İsrail həm də ABŞ daxilində siyasi dairələrin çaxnaşması müşahidə olunur. İrana 300 milyon dollar ödənilməsi və digər müddəalarla bağlı iddialar dolaşır. Tərəflər heç biri özünü məğlub göstərmək istəmir. Ona görə də ziyanına qeyd olunan müddaədan ictimaiyyət arsında imtina edirlər. Nəticələr onu göstərir ki, bu razılaşma ziddiyətlidir və problemin tam həllinə aparmayacaq. Çünki ABŞ Livanla bağlı da öhdəlik götürüb. Amma İsrail bununla razı deyil və Livanda da Qəzzada törətdiklərini edəcəyini gizlətmir. Netanyahuya qarşı müxalifətin sözünü kəsmək üçün o, bir növ buna özünü borclu hesab edir. Eyni zamanda ABŞ daxilində demokratlar Trampı qınayır. Çünki savaşı ABŞ başladı, lakin İran bitirdi. Bu, bir növ məğlubiyyət kimi qəbul olunur. İran onsuz da savaşdan əvvəl bəyan etmişdi ki, nüvə silahı düzəltmir. İndi də qəbul etdi ki, bəli, düzəltmir. Ümumi mahiyyətinə görə bu anlaşma mətnində qazanan İran tərəfidir. Məqsədinə çatmayan isə əsasən ABŞ-ı müharibəyə təhrik edən İsraildir. ABŞ - İran münasibətlərinin qaydaya düşməsindən İsrail çox narahatdır. Əgər bu iki dövlət anlaşarsa, razılaşma əldə edib bir daha savaşmazsa bu, İsrail üçün iflasa bərabərdir. Hələ üstəlik ABŞ lideri Livanla bağlı İsraili ittiham etdiyi bir ərəfədə bu daha da gərginliyin artacağını göstərir. ABŞ İsrail əvəzindən öhdəlik götürür ki, Livanda atəşkəs olacaq. Lakin İsrail bunu qəbul etmir. Ya İsrail və ABŞ arasında ziddiyyət dərinləşəcək ya da İsrailin yeni hücum və işğal dalğalarından ABŞ özünü məsul bilməyəcək. Ümumiyyətlə Donald Trampın əksər açıqlamaları çox zaman reallıqdan uzaq, manipulyasiya xarakterli olduğu üçün onunla bağlı analizlər yanlış proqnozlara gətirib çıxarır. Razılaşma mətnində nə varsa o icra olunmalıdır. Başqa variant odur ki, ABŞ müəyyən müddəaların icrasından imtina edəcək. Bu da növbəti münaqişə deməkdir. Bütün hallarda demək olar ki, mövcud razılaşma mətni problemin ümumi həlli üçün yetərsizdir, ziddiyətlidir. Bu da onu göstərir ki, İsrail Yaxın Şərqdə yenidən müharibə başlayacaq və razılaşma əhəmiyyətini itirəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31