AISA-NIN NƏZDİNDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİ YARADILIB, SÜLEYMAN MƏCİDLİ RƏHBƏR TƏYİN OLUNUB

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasında (AISA) sənaye müəssisələrində enerji təhlükəsizliyi və dayanıqlılığı sahəsində fəaliyyətlərin gücləndirilməsi məqsədilə Enerji Təhlükəsizliyi Komitəsi təsis edilib.

Yeni yaradılmış Komitənin rəhbəri vəzifəsinə enerji sektoru üzrə uzunillik beynəlxalq və yerli təcrübəyə malik mühəndis və sahibkar Süleyman Məcidli təyin olunub.

Enerji Təhlükəsizliyi Komitəsi sənaye müəssisələrində enerji təhlükəsizliyi, enerji dayanıqlılığı, kritik enerji infrastrukturu və müasir enerji sistemlərinin təhlükəsiz idarə olunması istiqamətində fəaliyyət göstərəcək ekspert platforması olacaq.

Komitənin əsas məqsədi sənayedə enerji təhlükəsizliyi yanaşmasının inkişaf etdirilməsi, enerji infrastrukturunda mövcud texniki risklərin azaldılmasına dəstək verilməsi, beynəlxalq standartlara uyğun texniki yanaşmaların təşviq edilməsi və dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində yeni sənaye enerji təhlükəsizliyi ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.

Komitənin fəaliyyət istiqamətləri sırasında sənaye müəssisələrində enerji təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, enerji infrastrukturunun riskəsaslı idarə olunması, "backup" enerji sistemlərinin dayanıqlılığının artırılması, müasir monitorinq və nəzarət yanaşmalarının tətbiqi, bərpa olunan enerji və enerji saxlama sistemlərinin təhlükəsiz inteqrasiyası, eləcə də beynəlxalq standartlara uyğun sənaye enerji təhlükəsizliyi ekosisteminin inkişafına dəstək yer alacaq.

Enerji Təhlükəsizliyi Komitəsinin rəhbəri vəzifəsinə təyin olunmuş Süleyman Məcidli elektrik və enerji mühəndisliyi sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malikdir.

Süleyman Məcidli 25 sentyabr 1991-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə və Bakı Özəl Türk Liseyində alıb. 2008-ci ildə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texnik Universitetinin (ODTÜ) Elektrik və elektronika mühəndisliyi fakültəsinə qəbul olunub.

Peşəkar fəaliyyətinə Türkiyədə elektrik avadanlıqları istehsalı sektorunda başlamış, keyfiyyətə nəzarət mühəndisi və SCADA mühəndisi kimi çalışmışdır. Daha sonra Rusiya Federasiyasında iri tikinti və elektromexaniki layihələrdə xərclərə nəzarət və planlama koordinatoru vəzifəsində fəaliyyət göstərib. Azərbaycana qayıtdıqdan sonra enerji sektorunda müxtəlif vəzifələrdə çalışaraq enerji layihələrinin idarə olunması, sənaye müəssisələrinin enerji təminatı, enerji həlləri və biznes inkişafı istiqamətlərində geniş təcrübə qazanıb.

O həmçinin dünyanın aparıcı enerji həlləri şirkətlərindən biri olan "Aggreko" şirkətinin Azərbaycan nümayəndəsi kimi fəaliyyət göstərib.

Sonrakı dövrdə Süleyman Məcidli tərəfindən təsis edilmiş "ENERGAZER" şirkəti enerji auditi, enerji səmərəliliyi və ESCO layihələri, enerji monitorinqi və SCADA sistemləri, reaktiv güc kompensasiyası, bərpa olunan enerji üzrə layihələndirilmə və icra (EPC), mühəndislik-konsaltinq xidmətləri və davamlılıq strategiyalarının hazırlanması istiqamətlərində fəaliyyət göstərən yerli mühəndislik şirkətlərindən birinə çevrilib.

Təyinatla bağlı fikirlərini bölüşən Süleyman Məcidli bildirib:

"Qlobal enerji sistemlərinin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyinin və dayanıqlılığın strateji əhəmiyyət qazandığı bir dövrdə AISA-nın nəzdində Enerji Təhlükəsizliyi Komitəsinin yaradılması mühüm addımdır. Məqsədimiz sənaye müəssisələrində enerji təhlükəsizliyi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə, riskəsaslı idarəetmə yanaşmalarının inkişafına və enerji infrastrukturunun etibarlılığının artırılmasına töhfə verməkdir.

Enerji təhlükəsizliyi artıq yalnız enerji təchizatının fasiləsizliyi deyil, eyni zamanda müəssisələrin əməliyyat dayanıqlılığı, iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətinin əsas elementlərindən biridir. Komitə çərçivəsində dövlət qurumları, sənaye müəssisələri, mühəndislər, akademik dairələr və beynəlxalq tərəfdaşlarla birlikdə ölkəmizdə müasir enerji təhlükəsizliyi ekosisteminin formalaşdırılması istiqamətində çalışacağıq".

Süleyman Məcidli həmçinin Komitənin yaradılması təşəbbüsünə göstərilmiş dəstəyə görə AISA-nın rəhbərliyinə təşəkkürünü ifadə edib:

"Ölkəmizdə sənaye müəssisələrinin enerji təhlükəsizliyi və enerji dayanıqlılığı məsələlərinin daha sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə belə bir komitənin yaradılmasına verdiyi dəstəyə görə AISA-nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə başda olmaqla Assosiasiyanın rəhbərliyinə və bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, bu platforma ölkəmizdə enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıqların qurulmasına, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə və sənaye müəssisələrinin dayanıqlılığının artırılmasına mühüm töhfə verəcəkdir".

AISA tərəfindən yaradılmış Enerji Təhlükəsizliyi Komitəsinin yaxın dövrdə enerji təhlükəsizliyi üzrə metodoloji sənədlərin hazırlanması, maarifləndirmə və təlim proqramlarının təşkili, sənaye müəssisələrində enerji risklərinin qiymətləndirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və dövlət-özəl sektor əməkdaşlığının inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31