Ermənistan iqtisadiyyatı Rusiya sanksiyaları qarşısında: ÜDM 2% azala bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan jurnalistlərlə görüşündə ölkənin Rusiyaya olan əmtəə ixracının ümumi daxili məhsulun (ÜDM) təxminən 6%-ni təşkil etdiyini bildirib. Onun sözlərinə görə, mövcud məhdudiyyətlər və sanksiyaların sərtləşəcəyi ən mənfi ssenaridə Ermənistan iqtisadiyyatı ÜDM-in 2%-nə qədərini itirə bilər. Bu risklər əsasən kənd təsərrüfatı, qida və emal sənayesini əhatə edir.
Baş bankir qeyd edib ki, əgər Ermənistan ixrac bazarlarını diversifikasiya edə bilməsə və tamamilə Rusiya bazarından asılı qalsa, ölkə daxilində təklifin artması səbəbindən tərəvəz, mineral sular, alkoqollu içkilər və tumlu meyvələrin qiymətində deflyasiya (qiymət düşməsi) qeydə alınacaq. Xüsusilə alkoqollu içkilər kimi sahələrin gəlirləri ÜDM-in 1.5%-2%-ni təşkil etdiyindən, Rusiyanın qərarları bu sektorlara birbaşa təsir göstərir.

Bundan əlavə, Rusiyadan payızlıq buğda toxumu və quru süd idxalında yaranan problemlər yerli sahibkarların kredit öhdəliklərini yerinə yetirməsini çətinləşdirir. Martin Qalstyan xəbərdarlıq edib ki, ixracın kəskin azalması kapital axını ilə kompensasiya olunmasa, bu, erməni dramının dollar qarşısında ucuzlaşmasına təzyiq yaradacaq. Belə bir vəziyyətdə Mərkəzi Bank və hökumət iqtisadiyyata bank sistemi vasitəsilə dəstək vermək üçün pandemiya və müharibə dövründəki təcrübəyə əsaslanan xüsusi ssenarilər hazırlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31