Şuşa Bəyannaməsi revanşizmə qarşı verilmiş ən güclü siyasi mesajdır- ÖZƏL
15:25 Siyasət"Şuşa Bəyannaməsində əksini tapan mühüm məsələlərdən biri də regionun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsidir. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin imkanlarını daha da artıracaq, Avropa ilə Asiya arasında yükdaşımaların həcmini genişləndirəcək və regionun geoiqtisadi əhəmiyyətini yüksəldəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər nəqliyyat təşəbbüsləri türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Bu layihələr yalnız iqtisadi deyil, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır və regionun gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində koordinasiyasını daha da gücləndirir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal məsələlər üzrə ortaq mövqelər formalaşdırmaq barədə razılığa gəliblər. Bu yanaşma hər iki dövlətin beynəlxalq arenadakı mövqelərini daha da gücləndirir, milli maraqların müdafiəsi istiqamətində əlavə imkanlar yaradır və qlobal çağırışlara qarşı birgə fəaliyyətin səmərəliliyini artırır.
Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Sənəddə hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə fəaliyyətin gücləndirilməsi, silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması və müasir texnologiyalara əsaslanan müdafiə sistemlərinin inkişafı nəzərdə tutulur. Bu müddəalar regionda sabitliyin və təhlükəsizliyin qorunmasına xidmət etməklə yanaşı, iki dövlətin müdafiə potensialının daha da güclənməsinə şərait yaradır. Müdafiə sənayesi sahəsində həyata keçirilən birgə layihələr gələcək dövrdə də hərbi-texniki əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Şuşa Bəyannaməsi regionda revanşizm meyillərinə qarşı verilmiş ən güclü siyasi mesajlardan biridir. Azərbaycan və Türkiyə regional təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış edir və istənilən təhdidə qarşı birgə fəaliyyət göstərmək əzmindədirlər. Bu amillər bölgədə davamlı sülhün təmin olunmasına, sabitliyin möhkəmləndirilməsinə və gələcək risklərin qarşısının alınmasına xidmət edir".