Serbiya və Gürcüstan azad ticarət müqaviləsi imzalayacaq – ÖZƏL
15:03 SiyasətOlaylar.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Tbilisiyə rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə brifinqdə çıxış edərək iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərini qiymətləndirib.
Gürcüstanın son illərdə, xüsusilə iqtisadi sahədə nümayiş etdirdiyi 9,3%-lik artım tempini yüksək qiymətləndirən Vuçiç, bu göstəricilərin Qərbi Avropa ölkələri üçün də bir nümunə olduğunu vurğulayıb. Tərəflər arasında tikinti, turizm və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi müzakirə edilib və rəsmi Belqradın yaxın vaxtlarda Tbilisidə səfirlik açacağı bəyan olunub. İki ölkə arasında diplomatik, mədəni və pravoslav xristianlıq ənənələrinə əsaslanan mənəvi bağların möhkəmliyini qeyd edən Serbiya rəhbəri, ikitərəfli ticarət dövriyyəsinin cari ilin birinci rübündə 36,4% artdığını bildirib.
İqtisadi əlaqələri daha da sürətləndirmək məqsədilə yaxın gələcəkdə Serbiya və Gürcüstan arasında azad ticarət haqqında müqavilənin imzalanacağı və bu addımın hər iki ölkənin istehsalçı və istehlakçıları üçün böyük fayda verəcəyi diqqətə çatdırılıb.