Hörmüzün blokadası dünya enerji bazarlarını sarsıtdı- ÖZƏL
14:50 Siyasət"İran ətrafında yaranmış gərginlik artıq regional çərçivələri aşmışdı. Hörmüz boğazında yaranan risklər dünya enerji bazarlarını sarsıdırdı. Qlobal neft və qaz qiymətlərindəki dalğalanmalar Avropadan Asiyaya qədər bütün iqtisadiyyatlara təsir göstərirdi". Bunu "Olaylar"a siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Eyni zamanda Yaxın Şərqdə artan hərbi risklər beynəlxalq logistika marşrutlarının fəaliyyətinə mənfi təsir edir, ticarət zəncirlərində gecikmələr yaradırdı. Bu isə daşınma xərclərinin artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olurdu. Belə vəziyyət nə Avropanın, nə də ABŞ-ın maraqlarına uyğun idi.Vaşinqton üçün enerji bazarlarındakı qeyri-sabitlik daxili iqtisadi göstəricilərə və siyasi reytinqlərə təsir göstərən amilə çevrilə bilərdi. Bu baxımdan Ağ Evin də gərginliyin müəyyən həddə qədər azaldılmasında maraqlı olması təəccüblü deyil".
M.Bünyadlı əlavə edib ki, bu prosesin mühüm qaliblərindən biri də vasitəçi ölkələrdir: "Pakistan, Qətər, Türkiyə və Misir diplomatik platformaların yaradılması, tərəflər arasında əlaqələrin qorunması və texniki danışıqların təşkilində aktiv rol oynadılar. Xüsusilə Pakistanın adının ön plana çıxması İslamabadın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Qətər uzun illərdir regional vasitəçilik diplomatiyasını uğurla davam etdirir və bu proses onun mövqelərini daha da gücləndirir. Türkiyə isə regionun təhlükəsizlik və diplomatiya mərkəzlərindən biri kimi rolunu bir daha nümayiş etdirmiş oldu. Misir də ərəb dünyasında təsir imkanlarını artırmaq üçün əlavə imkan qazandı. Növbəti mərhələlərdə aparılacaq danışıqlarda bu ölkələrin siyasi dividendlər əldə etməsi tamamilə mümkündür".