Şuşa Bəyannaməsi Azərbaycanın və regionun təhlükəsizlik çətiridir- ÖZƏL

"2021-ci ilin iyunun 15-də Azərbaycanın və Türkiyənin prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi strateji mahiyyət kəsb edir.  Zamanında atılmış addım, həmin tarixi sənəd bu gün də  aktuallığını qoruyub saxlayır". Bunu "Olaylar"a siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Hazırda həm Cənubdan, həm də Şimaldan Azərbaycana, ümumilikdə bölgəyə diş qıcayanlar var. Onların milliyyətindən, ölkəsindən asılı olmayaraq, məqsədləri eynidir. Türk dövləti olaraq Azərbaycanı güclü, müstəqil görmək istəmirlər. İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndə çıxışında bildirib: "Bakı üç-dörd saat ərzində yer üzündən silinə bilər".
 
Təbii ki, belə  sarsaq fikirləri ciddiyə almaq lazım deyil. Amma həm İrandan,  həm də Rusiyadan da təxribatları, qara əməlləri gözləmək mümkündür.  O baxımdan həm ABŞ-İran, həm də Rusiya-Ukrayna müharibəsinin necə bitməsindən asılı olmayaraq bütün təhdidlərə cavab verməyə hazır olmalıyıq.  

Məhz belə məqamda Şuşa Bəyannaməsinin Azərbaycanın və regionun təhlükəsizlik çətiri olduğu bir daha  təsdiqlənir. Ən önəmlisi odur ki, bu, tarixi sənəd regionun inkişafını, təhlükəsizliyini, sabitliyini hədəfləyir.

Azərbaycanla haqq-hesab çəkmək istəyən qüvvələrin məqsədi bölgədə sabitliyi pozmaqdır. Gəvəzə danışan, Azərbaycanın müstəqilliyini təhdid edən həmin iranlı deputat və digər qara qüvvələr dərk etməlidir ki, Azərbaycanın yanında Türkiyə, Pakistan və güclü Türk dünyası var. İstənilən təxribata cəhd cavabsız qalmayacaq. Əlqərəz, bunu qonşular da dərk etməlidir ki,  dost əlini uzadana əməkdaşlıq,  müstəqilliyə dil uzadana isə yumruq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31