Azərbaycan bölgədə sülhün memarıdır

Azərbaycan Vətən müharibəsindən dərhal sonra irəi sürdüyü sülh gündəliyinə sadiqliyini hər zaman əməli fəaliyyətlərlə möhkəmləndirir. Son 5 il ərzində münasibətlərin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan arasında təmaslar müntəzəm surətdə davam etdirilib.

Bu təmaslar həm dövlət başçıları və o cümlədən bir sıra dövlət və hökümət qurumları arasında, eləcə də vətəndaş cəmyyəti təsisatları arasında baş tutub. Əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, sülh gündəliyi tədricən hər iki tərəfin ictimai-siyasi dairələrində daha geniş dəstək qazanmaqdadır.

Keçən həftə Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri də onu göstərir ki, çox ciddi xarici müdaxilələrə və revanşist qüvvələrin daxili müqavimətinə baxmayaraq Ermənistan cəmiyyətində çoxluq sülhün tərəfindədir.

Lakin uzun müddət ərzində müharibə vəziyyətində olmuş xalqlar və dövlətlər arasında sülhə nail olmaq heç vaxt asan məsələ olmayıb. Bu gün də sülhün reallığa çevrilməsi üçün bütün maneələrə baxmayaraq hər iki dövlət tərəfindən güclü siyasi iradənin ortaya qoyulması vacib şərtdir.

Seçkilərdən sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və Ermənistan Təhlükısizlik Şurasının sədri ilə keçirdiyi görüşlər də bu siyasi iradənin göstəricisidir.

Görüş əsnasında müzakirə olunan məsələlər sülh müqaviləsinin imzalanmasını daha da yaxınlaşmaq və onun reaalığa çevrilməsi ilə bağlı Azərbaycan və Ermənistan cəmiyyətindəki gözləntilərin doğruldulması baxımından əhəmiyyətli məsələlərdir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı ardıcıl addımlar Cənubi Qafqaz bölgəsində sülhün əldə olunması və daimi təhlükəsizlik arxitekturasının yaradılması baxımından həlledici rol oynayır.

Məhz Azərbaycanın iradəsi və səyləri ilə bölgədə daimi sülh və əməkdaşlıq mühiti formalaşacaq və bütövlükdə Cənubi Qafqaz bölgəsi hərtərəfli davamlı inkişaf mərhələsinə adlayacaq.

Cavanşir Feyziyev Milli Məclisin deputatı 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31