Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır – Deputat

Estoniya Respublikasının Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu addım Azərbaycan ilə Estoniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə, siyasi dialoqun intensivləşməsinə və qarşılıqlı maraq doğuran sahələrdə yeni imkanların yaranmasına xidmət edəcək.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan və Estoniya arasında münasibətlər son illərdə dinamik inkişaf edir:

"Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparır və ortaq maraqlara əsaslanan əlaqələri genişləndirir. Estoniyanın Bakıda daimi diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması bu əməkdaşlığın daha sistemli və səmərəli şəkildə inkişafına əlavə stimul verəcək.

Səfirliyin açılması ilk növbədə siyasi münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək. Dövlət qurumları arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin artması və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda bu addım regional və beynəlxalq məsələlər üzrə dialoqun daha fəal şəkildə aparılmasına imkan yaradacaq".

Deputat qeyd edib ki, iqtisadi əməkdaşlıq baxımından da səfirliyin fəaliyyəti yeni perspektivlər açır:

"Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatlarından biri kimi Avropa ölkələri üçün mühüm tərəfdaşdır. Estoniya isə innovasiya, rəqəmsal texnologiyalar, elektron hökumət və startap ekosistemi sahəsində dünyanın qabaqcıl ölkələrindən hesab olunur. Səfirliyin fəaliyyəti işgüzar dairələr arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının araşdırılmasına və ticarət dövriyyəsinin artırılmasına müsbət təsir göstərəcək.

Turizm sahəsində əməkdaşlığın inkişafı üçün də yeni imkanlar yaranacaq. Azərbaycan zəngin tarixi-mədəni irsi, müasir infrastrukturu və əlverişli turizm potensialı ilə seçilir. Estoniyadan ölkəmizə gələn turistlərin sayının artması, eyni zamanda Azərbaycan vətəndaşlarının Baltik regionuna marağının güclənməsi xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına töhfə verə bilər.

Bundan əlavə, təhsil, elm, mədəniyyət və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli şərait formalaşır. Xüsusilə Estoniyanın elektron xidmətlər və rəqəmsallaşma sahəsində qazandığı uğurlu təcrübə Azərbaycan üçün maraqlı əməkdaşlıq istiqamətlərindən biridir.

Hesab edirəm ki, Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu addım siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da güclənməsinə, yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə və Azərbaycan-Estoniya tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31